Azərbaycanda intensiv geodinamik proseslərin müşahidə edildiyi seysmoaktiv zonalar açıqlanıb

Azərbaycanda intensiv geodinamik proseslərin müşahidə edildiyi seysmoaktiv zonalar açıqlanıb
# 04 yanvar 2016 09:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ötən ayın sonunda respublika ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi geodinamik dəyişikliklər müşahidə olunub.

APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bülletenində deyilir.

Bülletendə qeyd edilir ki, regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub. Yalnız Şəki-Oğuz və Naxçıvan seysmoaktiv zonalarında zəif intensivlikli lokal genişlənmə strukturları qeyd edilib. Nisbətən intensiv geodinamik proseslər yenə də Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Dağlıq Talış və Mərkəzi Xəzər seysmoaktiv zonalarında müşahidə edilməkdədir. Bu regionlarda xəritələnmiş lokal sıxılma strukturlarında gərginliyin qiyməti Ksıx.=0.962-0.974 ş.v. intensivliklə xarakterizə olunub.

“Seysmohidrogeodeformasiya xəritə-sxeminə əsasən gərginliyin maksimal qiyməti Şamaxı-Balxanyanı xəttinə uyğun gəlir. Lokal strukturlar Mahçqala-Türkmənbaşı, Goradil və Şərqi Qobustan ümumqafqaz istiqamətli tektonik pozulmalar boyu formalaşıb ki, bu da geodinamik proseslərin tangensial yan basqı xüsusiyyətlərindən irəli gəlir. Bütün strukturlar üzrə gərginliyin qiyməti kritik həddən aşağı olsa da, burada zəif intensivlikli klassik təkanların baş vermə ehtimalı qalır. Son 3 ay ərzində ilk dəfə olaraq Böyük Qafqazın şimal-qərb kəsimlərində K.gen=1.010 ş.v. qiymətli lokal genişlənmə strukturu xəritələnib. Naxçıvan MR və İran İslam Respublikasının şimal kəsimlərində (Ərdəbil seysmotektonik bloku) kontrast keçid zonası qeyd olunub və burada Kgen.=1.005 ş.v. intensivliyə malikdir ki, bu da seysmik proseslərin baş verməsi üçün əlverişli sayıla bilər. Lokal müşahidələrə əsasən Abşeron yarımadasının mərkəzində Kgen=1.003 ş.v. qiymətli genişlənmə gərginlik-deformasiya strukturu xəritələnib. Yarımadanın digər qalan ərazisi isə Ksıx=0.995-0.999 ş.v. qiymətli sıxılma proseslərinin təsiri altındadır”, – deyə bülletendə qeyd olunub.

Bülletendə o da bildirilir ki, Şamaxı-İsmayıllı seysmoaktiv zonasında mürəkkəb geodinamik şərait formalaşıb: “Burada Şahsultanlı-Qızmeydanı (Ksıx=0.993 ş.v) sıxılma, İsmayıllı və Nabur genişlənmə strukturları formalaşıb. Lakin gərginliyin qiyməti kritik hədd səviyyəsindən kiçikdir və ciddi risk zonası sayılmırlar. 24-25 dekabr tarixlərində Xəzər dənizinin cənub-şərqində müvafiq olaraq M=4.6, H=34 km və M=3.9, H=34 km olan iki zəlzələ baş verib. Ötən həftə ölkə ərazisinin seysmogeoloji şəraiti mürəkkəb xarakterli olub. Yeni formalaşan geodinamik şəraitin inkişaf dinamikası Abşeron periklinalı, Şəki-Oğuz və Mərkəzi Xəzər seysmoaktiv zonalarında seysmik riskin yüksək olmasını şərtləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR