Pyerr-Emerik Obameyanq: “Pik formama “Qəbələ” ilə görüşdə çatdım”

Pyerr-Emerik Obameyanq: “Pik formama “Qəbələ” ilə görüşdə çatdım”
# 26 oktyabr 2015 09:03 (UTC +04:00)

Bakı – APA. “Qəbələ”dən sonra “Auqsburq”la görüşdə də 3 qol vurmağım məni çox sevindirdi. Hazırda yaxşı formadayam və bundan lazımınca yararlanmağa çalışıram”. Apasport.az saytının məlumatına görə, bunu Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq deyib.

Ötən həftə Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə matçda het-trik edən və komandasına 3:1 hesablı qələbə qazandıran qabonlu forvard eyni uğuru Bundesliqanın X turunda “Auqsburq”la (5:1) qarşılaşmada da təkrarlayıb.

26 yaşlı futbolçu Almaniya mətbuatına açıqlamasında qollarına davam edəcəyini söyləyib: “Bizim hədəflərimiz bəllidi: Avropa Liqasında finala qədər irəliləmək və Bundesliqanın qalibi olmaq. Bu yolda mənim üzərimə düşən qol yükünü daşımaqdı. Sevinirəm ki, hələlik bu işin öhdəsindən gələ bilirəm. Mövsümə məhsuldar başlasam da, pik formama “Qəbələ” ilə görüşdə çatdım. Bunun davamı olaraq da “Auqsburq”la oyunda da het-trik etdim. Çalışacam mövsümün sonuna qədər bu formamı qoruyum və komandamın uğurlarında pay sahibi olum”.

“Auqsburq”la matçdakı het-triki sayəsində Bundesliqada qollarının sayını 13-ə çatdıran Obameyanq bombardirliyə də iddialı olduğunu söyləyib: “Əvvəla mənim üçün komandamın titul qazanması daha vacibdi. Ancaq əgər bombardir olmaq imkanı əldə etmişəmsə, bundan niyə də yararlanmayım? Yarımmüdafiəçilərimizlə anlaşmamız yüksək səviyyədə olduğundan, qollarıma davam edəcəyimə əminəm”.

Qeyd edək ki, Obameyanq hazırda Bundesliqada “Bavariya”nın hücumçusu Robert Levandovski ilə birlikdə bombardirlər yarışına başçılıq edir. Avropa Liqasında isə 3 qolun müəllifi olan “Borussiya”nın hücumçusu yalnız “Şalke”li Franko Di Santodan 1 top geri qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR