Səhiyyə Nazirliyi Bakıda baş vermiş ana ölümünə münasibət bildirib

Səhiyyə Nazirliyi Bakıda baş vermiş ana ölümünə münasibət bildirib
# 10 fevral 2016 10:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Dünən Bakıda baş vermiş ana ölümünün səbəbləri haqda indi danışmaq tezdir. Hazırda ölümün səbəbləri araşdırılır”. Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

O bildirib ki, Səhiyyə Nazirliyinin əmrini rəhbər tutaraq ana ölümü olduğu halda 3 gün ərzində tibbi sənədlər Səhiyyə Nazirliyinə göndərilir və Doğuşayardım Komissiyasının mütəxəssisləri tərəfindən təhlil olunur: “Bundan sonra Doğuşayardım Komissiyasının iclası keçirilir və kollegial şəkildə müzakirə olunaraq rəy hazırlanır”.

Komissiyanın sədri qeyd edib ki, Beyləqan rayon Nil qəsəbəsi sakini, Binəqədi qəsəbəsində yaşayan 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı cərrahi doğuşdan sonra 3 saylı Klinik şəhər xəstəxanasında ölüb: “O xəstəxanaya 34 həftəlik hamiləliklə daxil olub. Elnurə Xanəliyevanın diaqnozu 34 həftəlik hamiləlik, dölün bətn daxili xroniki hipoksiyasının kəskinləşməsi, kəskin respirator infeksiya, ağciyərlərin iki tərəfli pnevmoniyası, respirator distress sindromu olub. Qeysərriyə kəsiyinə ananın ekstragenital xəstəliyinə görə göstəriş edilib. Zahı 4-cü sutkasında vəfat edib. Meyit təşrih olunmayıb”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda isə bildirilib ki, ağır vəziyyətdə, kəskin tənəffüs çatışmazlığı, respirator xəstəliyi ilə gətirilən hamilənin dərhal bütün lazımi müayinələri aparılıb: “Müayinələr zamanı yaxınları xanımın 20-25 gündən, daxil olan günə kimi, kəskin respirator infeksiyaya yoluxduğunu və yalnız ev şəraitində müalicə ilə kifayətləndiyi qeyd ediblər. Ananın və körpənin həyatını xilas etmək məqsədi ilə, operativ konsiliumdan dərhal sonra, hamiləyə 05.02.16 ci il tarixində qeysəriyyə əməliyyatı icra olunub. Diri döl, oğlan uşağı xaric edilib. Reanimasiyon tədbirlərdən sonra həkimlərin səyi nəticəsində uşağı kritik vəziyyətdən çıxarmaq mümkün olub. Anaya bütün reanimasiya və intensiv terapiya tədbirləri aparılıb, konsultasiyalar təşkil olunub, respublikanın baş anestezioloq –reanimotoloqu və pulmonoloqlar tərəfindən, habelə, taun əleyhinə dispanserin laborotar müayinəsi aparılıb, nümunələr götürülüb. Lakin xəstənin çox ağır və gecikmiş vəziyyətdə olması, iki həftədən artıq ev şəraitində kəskin respirator xəstəliklə müalicəsiz qalması ağ ciyərlərin pnevmoniyasına, kəskin tənəffüs çatışmazlığına gətirib çıxarıb ki, bu da öz növbəsində 09.02.2016-ci il tarixində hamilə xanımın dünyasını dəyişməsinə səbəb olub”.

Qeyd edək ki, Beyləqan rayon Nil qəsəbəsi sakini, 1986-cı il təvəllüdlü iki uşaq anası Xanəliyeva Elnurə Elman qızı fevralın 9-da doğuşdan sonra ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR