Kamal Abdullayev Türkiyənin Bahçeşehir Universitetində mühazirə oxuyub

Kamal Abdullayev Türkiyənin Bahçeşehir Universitetində mühazirə oxuyub
# 22 oktyabr 2015 07:13 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Türkiyənin Bahçeşehir Universitetində mühazirə oxuyub. APA-nın məlumatına görə, dövlət müşaviri universitetdə təhsil alan yerli və xarici tələbələr qarşısında “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda çıxış edib.

K. Abdullayev dinləyicilərə Azərbaycandakı tolerant və multikultural mühit, burada yaşayan azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin unikal modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bugünü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin mədəni-mənəvi, siyasi və hüquqi əsasları haqqında ətraflı informasiya verib.

Dövlət müşaviri Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqlarından söhbət açarkən bütün dünyanın mədəni irsinə çevrilən “Kitabi-Dədə Qorqud” dastanlarının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və bu Sərəncamda göstərilən tədbirlər planından irəli gələrək həyata keçirilən tədbirlərdən söhbət açıb.

Səfər zamanı dünyanın nüfuzlu universitetləri sırasında yer alan Bahçeşehir Universitetinin rəhbərliyi ilə görüşən dövlət müşaviri gələcəkdə Azərbaycan multikulturalizminin öyrənilməsi və təbliği ilə bağlı işlərdə bu təhsil ocağının yaxından iştirakı müzakirə olunub və universitet rəhbərliyi yaxın gələcəkdə “Azərbaycan multikulturalizmi” fənninin burada tədrisinə başlamaq istəklərini və bu istiqamətdə reallaşdırılacaq bütün tədbirlərdə yaxından iştirak etmək niyyətlərini bildiriblər.

Bundan əlavə dövlət müşaviri Nyu-York Dövlət Universitetinin (SUNY University at Albany) professoru Araş Alaey ilə də görüşüb. Görüşdə Azərbaycan multikulturalizminə maraq göstərən professor Araş Alaey çalışdığı universitetdə də “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin maraqla qarşılanacağını diqqətə çatdırıb, gələcəkdə bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əlaqələr quracağını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR