Azərbaycanda ilk dəfə “SCOPUS Mükafatları”nın təqdimat mərasimi keçirilib

Azərbaycanda ilk dəfə “SCOPUS Mükafatları”nın təqdimat mərasimi keçirilib
# 25 yanvar 2016 15:05 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanda ilk dəfə olaraq “SCOPUS Mükafatları”nın təqdim etmək məqsədi ilə tədbir və qala gecəsi keçirib. APA-nın xəbərinə görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və “Elsevier”in birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən, yüksək nəticələri ilə ölkə hüdudlarından kənarda tanınmış 4 elmi-tədqiqat və təhsil qurumuna, 5 elmi jurnala beynəlxalq qiymətləndirmə meyarları “SCOPUS” və “SciVal” bazaları əsasında seçimin nəticələrinə əsasən xüsusi mükafatlar təqdim olunub.

“Elsevier” nəşriyyatının daxil olduğu RELX qlobal şirkətlər qrupunun korporativ əlaqələr və Asiya strategiyası üzrə direktoru Youngsuk Chi, Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev, təhsil nazirinin müavini Ceyhun Bayramov, Niderland krallığının Azərbaycandakı səfiri Robert J. Gabrielse və digər şəxslər tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanın tezliklə regionda elm mərkəzinə çevrilməsi üçün ölkə alimləri qarşısında ciddi vəzifə qoyulub: “Bu istiqamətdə ölkədə elmi tədqiqat aparan alim və mütəxəssislər üçün hər cür şərait yaradılmalıdır. Bunun bir yolu qrantlar verilməsidirsə, digər yolu da alimlər üçün elmi bazalara olan çıxışların açılmasıdır. Bu işdə də Elmin İnkişafı Fondu öz töhfəsini verməyə çalışır”.

E. Babayev eyni zamanda, bu il ərzində fondun görəcəyi layihələrdən də söz açıb: "Bu ildə ənənəvi olaraq qrant maliyyələşdirilməsini həyata keçirəcəyik. Son zamanlar əsasən, kompleks elmi-tədqiqat proqramları üzrə layihələri dəstəkləməyə başlamışıq. Bundan başqa, bu il gənc alim və mütəxəssislər üçün qrant müsabiqəsi keçiriləcək. Digər dövlət proqramları çərçivəsində lazım olacaq layihələri də icra etməyə hazırıq".

"Ölkədə müşahidə olunan iqtisadi böhrana baxmayaraq, qrant layihələrinə ayrılan vəsaitlərin həcmində heç bir azalma nəzərdə tutulmayıb" - deyə icraçı direktor əlavə edib.

Qeyd olunub ki, “SCOPUS mükafatı Azərbaycan – 2016” “Elsevier”in qlobal təşəbbüslərindən biridir və ölkədə bütün elm sahələri üzrə araşdırmaları daha da təkmilləşdirmək, elmi təşkilat və tədqiqatçıların səylərini dəstəkləmək üçün təşkil edilib və Azərbaycan alimlərini motivasiya etmək və onlara akademik fəaliyyətlərində stimul vermək, Azərbaycanda aparılan araşdırma və tədqiqatlar üzrə ən dəyərli nəticələr alan, nüfuzlu nəşrlərdə məqalələr çap etdirən və beynəlxalq əməkdaşlıq edən qurumları eksklüziv akademik jurnalları önə çəkmək məqsədi daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR