Noyabrda aktivlik qeydə alınan sürüşmə sahələri açıqlanıb

Noyabrda aktivlik qeydə alınan sürüşmə sahələri açıqlanıb
# 08 dekabr 2015 13:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Noyabrda Zığ-1 sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında quraşdırılmış mayaklarda eni 0,06-0,3 sm olan çatlar əmələ gəlib. Ayrı-ayrı lokal çökmə sahələrində aktivləşmələr müşahidə olunub”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

O bildirib ki, ötən ay Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın istinad divarlarının bəzi yerlərində çökmə prosesi baş verib: “Quraşdırılmış mayaklarda 0,4-0,7 sm enində çatlar genişlənib. Qəbiristanlığın hipsometrik aşağı hissəsində mövcud qabarma hissəsində nisbi aktivlik müşahidə edilib. Habelə Masazır sürüşmə sahəsinin kütləsi üzərində mövcud çatlarda 0,1-0,15 sm ölçüdə genişlənmələr müşahidə olunub. Sahədə nisbi aktivlik müşahidə olunur”.

Baş geoloq əlavə edib ki, noyabrda Lənkəran-Lerik yolunun 17-19 kilometrliyindəki sürüşmə sahəsində uçqun prosesinin daha geniş ərazini əhatə etməsi müşahidə edilib: “Ümumilikdə noyabrda sahədə nisbi aktivlik qeydə alınıb”.

Ə. Piriyev qeyd edib ki, Quba-Xınalıq avtomobil yolunun 37-46-cı kilometrliyindəki sürüşmə sahəsində müşahidə reperlərinin üzərində nisbi hərəkət müşahidə olunub: “Bundan başqa uçqun proseslərinin nisbi aktivliyi də qeydə alınıb. Eyni zamanda, Quba-Qonaqkənd avtomobil yolunun 37-40-cı kilometrliyində müşahidələrin nəticəsinə görə nisbi aktivləşmə müşahidə olunub. Habelə Qusar-Sudur avtomobil yolunun 37-ci kilometrliyində yerləşdirilmiş müşahidə reperlərində dəyişiklik qeydə alınıb, atmosfer çöküntülərinin təsirindən ərazidə mövcud sürüşmə sahəsinin dinamikasında nisbi aktivlik müşahidə olunub”.

Baş geoloq onu da bildirib ki, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində sürüşmə sahəsinin bir neçə yerində uçqun-töküntü hadisəsi baş verib: “Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində də sürüşmə prosesi aktivləşib, nəticədə uçqun-töküntü hadisəsi qeydə alınıb. Şamaxıdakı Qaravəlli sürüşmə sahəsində bərkidilmiş topoqrafik reperlərdə 1,5-2,0 sm hərəkət müşahidə olunub. Bundan başqa, kütlə üzərində olan çatların ölçüləri artıb və sürüşmə kütləsi üzərində yeni çatlar əmələ gəlib.

Muğanlı sürüşmə sahəsində isə aparılan monitorinqlərin nəticəsində mövcud çatların ölçülərinin qismən genişlənməsi qeydə alınıb. Eyni zamanda, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində sürüşmə sahələri yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntılarının təsiri nəticəsində sürüşmə sahələrində mövcud çatlar genişlənib. Yolun 23-24 kilometrliyində quraşdırılmış topoqrafik reperlərdə 0,6-1,1 sm hərəkət müşahidə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR