Ağayar Axundzadə: “Çox sevinirəm ki, ilk medalı biz qazandıq”

Ağayar Axundzadə:  “Çox sevinirəm ki, ilk medalı biz qazandıq”
# 09 avqust 2016 10:10 (UTC +04:00)

Bakı – APA. “London-2012-də medal qazana bilməmişdik. Rüstəm Orucovun bu dəfə mükafat əldə etməsi böyük qələbə, böyük bayramdı”. Bunu apasport.az saytına açıqlamasında cüdo üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağayar Axundzadə deyib.

Təcrübəli mütəxəssis 73 kq çəki dərəcəsində Rio-2016-nın gümüş medalını qazanan Rüstəm Orucovun qələbəsini şərh edib. O bildirib ki, Braziliyaya yollanan hər bir cüdoçudan medal gözləyirlər, lakin ilk mükafat Rüstəmdən gəlib: “Çox sevinirəm ki, Azərbaycana ilk medalı biz qazandırdıq. Bu münasibətlə xalqımızı təbrik edirəm. Daha 3 idmançımız var ki, onlardan da yüksək nəticə gözləyirik”.

Axundzadənin sözlərinə görə, qarşıdakı günlərdə tatamiyə çıxacaq Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq) və Uşanqi Kakouri (+100 kq) cüdo yığmamızın və Azərbaycan komandasının medal sayını artırmaq gücündədilər.

Mütəxəssis Orucovdan fərqli, Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizədənin (66 kq) fəxri kürsüyə yüksələ bilməməsinin də səbəblərini açıqlayıb. O vurğulayıb ki, Olimpiadalarda sürprizlər çox olur: “Orxan medal qazana bilərdi, bunun üçün şansı var idi. Püşk də yaxşı düşmüşdü. Üstəlik, Orxanın təcrübəsi də yetərincədi. O, dünya çempionatının mükafatçısıdı, Avropa səviyyəli idmançıdı. Amma idmanda məğlubiyyətlər də olur. Nə etmək olar? Nicat Şıxəlizədədən isə bu cür çıxış gözləmirdik. Çünki onun da şansı yüksək idi. İllərdi məşq edir, təcrübəsi var. Gərək məğlub olmayaydı. Həmin çəkidə reytinqin ilk “onluğ”unda olmayan cavan bir idmançı (Fabio Basile) Olimpiya çempionu oldu”.

Qeyd edək ki, bu gün Rioda tatamiyə cüdoçularımız çıxmayacaq. Onlar sabahdan etibarən ardıcıl 3 gün mübarizə aparacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR