Maliyyə Nazirliyi bir neçə dövlət müəssisəndə mənimsəmə faktı aşkarlayıb

Maliyyə Nazirliyi bir neçə dövlət müəssisəndə mənimsəmə faktı aşkarlayıb
# 05 fevral 2016 08:24 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə aparılmış nəzarət tədbirlərinin nəticələri barədə məlumat açıqlanıb.

Nazirliyin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ildə Xidmətin iş planına uyğun olaraq respublikanın 2 rayonunda rayon icra hakimiyyətləri başçılarının aparatlarının saxlanılmasına, rayonların abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, mənzil kommunal təsərrüfatı qurumlarına, Təhsil Nazirliyinin 14, Səhiyyə Nazirliyinin 4, Gənclər və İdman Nazirliyinin 1, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 müəssisəsinə, Dövlət Miqrasiya Xidmətinin və Vergilər Nazirliyi yanında 2 departamentin aparatlarının saxlanılmasına, Azərbaycan Milli Elmlər Akademiyasının 2 elmi-tədqiqat institutuna, "Azəristiliktəchizat" ASC-yə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, "Meliorasiya və Su Təsərrüfatı" ASC-də “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, dövlət büdcəsinin Ağstafa, Ağcabədi və Ağdaş rayonları üzrə yerli gəlir və xərclərinin tərtibi və icrasına dair həmin rayonlar üzrə maliyyə idarələrinin işləri, habelə Bakı şəhərinin Nərimanov rayonunda təmir-tikinti işlərinin aparılmasına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb. Azərbaycanın Türkiyə və Avstraliya İttifaqındakı səfirliklərinin, Gürcüstanın Batumi şəhərində Azərbaycanın Baş Konsulluğunun maliyyə-təsərrüfat fəaliyyətləri təftiş edilib.


2015-ci ildə Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı tərəfindən aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənilməsi aşkar olunub 7 mln. 949,47 min manat vəsaitin 7 mln. 165,14 min manatının təqsirkar şəxslər tərəfindən büdcəyə bərpası təmin edilib, Təhsil Nazirliyinin Azərbaycan Texnologiya Universitetində 1 mln. 502,79 min manat məbləğində mənimsəmə hallarına dair yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğuna göndərilib, faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 176 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 166 qrup, normadan artıq saxlanılmış 259,25 ştat vahidi ləğv edilib, 376 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılmış 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki vəziyyətə qaytarılıb, yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 297 nəfər azaldılıb, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.


Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin regional maliyyə müfəttişlikləri tərəfindən 2015-ci ildə müvafiq rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2 mln. 392,2 min manat məbləğində artıq və əsassız ödənişlərin 1669,56 min manatı təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilib, Ağcabədi Rayon İcra Hakimiyyətinin Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 132,90 min manat, Samux Rayon İcra Hakimiyyətinin Zazalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 130,74 min manat, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Dövlət Maşın Sınaq Stansiyasında 233,91 min manat, Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt filialında 156,81 min manat, cəmi 654,36 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Yuxarıda göstərilənlərlə bərabər, Xidmətin mütəxəssisləri tərəfindən Baş Prokurorluğun məktublarına və məhkəmə orqanlarının qərarlarına əsasən 29 təşkilatda həmin məktub və qərarlarda qeyd olunan suallar yoxlanılıb və cəmi 625,24 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.


Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 1 mln. 483,53 min manatının, o cümlədən əvvəlki dövrlərdə büdcə təşkilatlarında aparılmış yoxlamalarla mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilmiş obyektlər üzrə aparılan istintaq tədbirləri zamanı 1 mln. 414,45 min manatın dövlət büdcəsinə bərpası təmin edilib.


2015-ci ildə aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun olaraq müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 931 vəzifəli şəxsə 576 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib.


Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına, rayonlar üzrə maliyyə idarələrinə məktublar göndərilib, Ağstafa və Ağcabədi rayonları üzrə maliyyə idarələrinin rəisləri işlərində yol verdikləri nöqsanlara görə tutduqları vəzifələrindən kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR