FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib

FHN-in qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib
# 28 mart 2016 10:28 (UTC +04:00)

Bakı - APA. Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubu və FHN işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Respublika Olimpiya Mərkəzində təşkil edilən çempionatda 16 komandadan 70-ə yaxın idmançı iştirak edib. 100 və 1000 metrə qaçış, hündürlüyə, uzununa tullanma və yadro itələmə növlərində yarışan idmançılar həm şəxsi, həm də komanda hesabında mübarizə aparıblar.

Tofiq Əliyevin baş hakim olduğu çempionatda komanda hesabında birinci yeri Dövlət Yanğından Mühafizə Xidməti, ikinci yeri Xüsusi Riskli Xilasetmə Xidməti, üçüncü yeri isə Dövlət Sularda Xilasetmə Xidmətinin komandası tutub.

Şəxsi göstəricilərə görə Cəbrayılov Elnur (FHN-in Akademiyası), Kəsəmənli Rəşad (İdman-sağlamlıq klubu) və Cabbarov Rəmzi (Qarabağ Regional Mərkəzi) müvafiq olaraq birinci, ikinci və üçüncü nəticəyə nail olublar.

FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev tədbirdə çıxış edərək bu yarışlarda ötən illərlə müqayisədə yüksək nəticələr əldə olunduğunu diqqətə çatdırıb, aprel ayında stolüstü tennis üzrə çempionatın keçiriləcəyini qeyd edib.

Sonra FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov qalib gələn idmançıları təbrik edib, onlara növbəti oyunlarda uğurlar arzulayıb.

Sonda komanda və şəxsi hesaba görə qalib gələn idmançılar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR