Azərbaycanda əsas kapitala investisiyalar 1,7% artıb

Azərbaycanda əsas kapitala investisiyalar 1,7% artıb
# 15 sentyabr 2015 14:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin yanvar-avqust aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10550,1 mln. manat vəsait yönəldilib, onun 74,6%-i tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1,7%, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 8,4% artıb. İstifadə olunmuş vəsaitin 6478,8 mln. manatı və ya 61,4%-i məhsul istehsalı obyektlərinin, 3369,4 mln. manatı (31,9%-i) xidmət sahələri üzrə obyektlərin, 701,9 mln. manatı (6,7%-i) isə ümumi sahəsi 1169,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 29,3%-i dövlət, 70,7%-i isə qeyri-dövlət müəssisələrinin payına düşüb.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin həcmi ümumi sərmayənin 57,6%-ni təşkil edib. Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 7496,7 mln. manat, bank kreditləri 530,8 mln. manat, büdcə vəsaitləri 1896,7 mln. manat, büdcədənkənar fondların vəsaitləri 178,9 mln. manat, əhalinin şəxsi vəsaitləri 307,8 mln. manat, sair vəsaitlər 139,2 mln. manat olub.

2015-ci ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 53%-i sənaye, 12,1%-i tikinti, 11,7%-i nəqliyyat və anbar təsərrüfatı, 4,4%-i dövlət

idarəetməsi və müdafiə, icbari sosial təminata, 4,3%-i yaşayışın təşkili və ictimai iaşəyə, 3,2%-i istirahət, əyləncə və incəsənətə, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa, 1,9% informasiya və rabitəyə, 1,8% topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmirinə, 1,6%-i təhsilə, hər birində 0,8% olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsinə, inzibati və yardımçı xidmətlərin göstərilməsinə, hər birində 0,6% olmaqla daşınmaz əmlakla əlaqədar əməliyyatlara, digər sahələrdə xidmətlərin göstərilməsinə, 0,2%-i maliyyə və sığorta fəaliyyətinə, 0,1%-i peşə, elmi və texniki fəaliyyətə sərf edilib.

2015-ci ilin yanvar-avqust aylarında neft sektoruna 4770,6 mln. manat həcmində vəsait yönəldilib. Qeyri-neft sektorunun inkişafına sərf edilmiş 5779,5 mln. manatlıq vəsaitin 817,8 mln. manatı (ümumi sərmayənin 7,8%-i) qeyri-neft sənayesi sektorunun inkişafında istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR