Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb

Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması üzrə Texniki Komitə yaradılıb
# 14 dekabr 2015 09:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitə yaradılıb.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, “Neft-qaz hasilatı texnologiyası və neft emalı məhsullarının standartlaşdırılması” üzrə Texniki Komitənin yaradılmasında əsas məqsəd milli standartlaşdırma proqramına uyğun olaraq aparılan işləri beynəlxalq təcrübəyə uyğunlaşdırmaq və neft-kimya sahəsində mövcud standartların təkmilləşdirilməsi, yeni standartların hazırlanmasıdır.

Texniki Komitəyə ümumilikdə 17 dövlət müəssisəsi və onların struktur bölmələrinin əməkdaşları üzv seçilib. Bunlardan Energetika Nazirliyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsini, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzini və Azərbaycan Milli Elmlər Akademiyasını misal göstərmək olar.

Məlumat üçün bildirək ki, Texniki Komitə - müvafiq fəaliyyət sahələri üzrə standartlaşdırma üzrə normativ sənədlərin hazırlanması, milli, regional və beynəlxalq standartlaşdırma tədbirlərinin təşkili və həyata keçirilməsi məqsədilə könüllü əsaslarla yaradılmış maraqlı müəssisələrin, təşkilatların, icra hakimiyyəti orqanlarının nümayəndələrinin birliyidir.

Texniki Komitənin tərkibinə, bərabərlik və könüllülük əsasında müvafiq icra hakimiyyəti orqanlarının nümayəndələri, elmi təşkilatlar, sahibkarlar və istehsalçılar ictimai birlikləri, kommersiya və qeyri-kommersiya təşkilatları daxil ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR