İstanbulun məşhur “Qapalı çarşı”sı bərpa ediləcək

İstanbulun məşhur “Qapalı çarşı”sı bərpa ediləcək
# 01 fevral 2016 20:18 (UTC +04:00)

İstanbul.Mayıs Əlizadə - APA. İstanbulda ildə 92 milyon insanın ziyarət etdiyi “Qapalı çarşı” bərpa ediləcək.

APA-nın Türkiyə müxbirinin məlumatına görə, bu barədə məlumatı əcnəbi media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Qapalı çarşı”nın yerləşdiyi İstanbulun Fateh rayonunun bələdiyyə başqanı Mustafa Dəmir verib.

Tarixi çarşının bərpasına dair layihə işlərinin 2009-cu ildə başladığını xatırladan bələdiyyə başqanı M.Dəmir, hökumətin müvafiq qanunları Məclisdən keçirməsindən sonra işlərin daha da sürətləndiyini vurğulayıb: “Qapalı çarşı”dakı mağazaların bir çox sahibi olsa da, bu tarixi məkanı idarə edən hər hansı qurum yox idi. Bu yaxınlarda “Qapalı çarşı”dakı mülk sahibləri yeni yaratdıqları Dərnəyin idarə heyətini və başqanını seçdilər. İdarə heyətində “Qapalı çarşı”dan 9, İstanbul valiliyindən 1, İstanbul bələdiyyəsindən 1, Fateh bələdiyyəsindən 1 və Vəqflər bölgə müdirliyindən 1 nümayəndə var. Abidələr Şurası da “Qapalı çarşı”da bərpa işləri görməyimiz üçün hazırladığımız layihəni təsdiq edib. Tarixi məkanın inşaat layihəsinə toxunmadan bərpa işlərini 10 il müddətində tamamlamağı planlaşdırmışıq”.

Bələdiyyə başqanının verdiyi statistik məlumata görə, indiyə qədər rəhbəri olduğu bələdiyyə “Qapalı çarşı”nın layihə və ilk bərpa işlərinə təxminən 18 milyon dollar, İstanbul bələdiyyəsi 23 milyon dollar, Vilayət xüsusi idarəsi 9 milyon dollar xərcləyib. Mustafa Dəmir layihənin ümumi maya dəyərinin təxminən 100 milyon dollar olacağını və bərpa işləri dönəmində “Qapalı çarşı”nın bağlanmayacağını bildirib. Bələdiyyə başqanı çarşı silsiləsinə daxil olan 2 tarixi karvansarayı otel və biznes-mərkəz halına gətirəcəklərini, bunun əsas məqsədinin axşam saatlarında boşalan bölgəyə insan çəkmək olduğunu deyib.

Qeyd edək ki, dünyanın ən böyük qızıl və əntiqə bazarı sayılan İstanbuldakı “Qapalı çarşı”nın tikintisinə Fateh Sultan Məhmətin əmri ilə 1461-ci ildə başlanılıb. Hazırda çarşıda 3150 mağaza var ki, o mağazalarda 25 min nəfər insan işləyir. Dünya Turizm Təşkilatının məlumatına görə, İstanbuldakı “Qapalı çarşı”ya 2014-cü ildə 91 milyon 250 min insan baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR