Rusiyalı həmsədr: “Tərəflər razılaşdırılmış baza prinsiplərini rədd etmir, onların həyata keçirilmə ardıcıllığını fərqli görürlər” - MÜSAHİBƏ

Rusiyalı həmsədr: “Tərəflər razılaşdırılmış baza prinsiplərini rədd etmir, onların həyata keçirilmə ardıcıllığını fərqli görürlər” - <span style="color: red;"> MÜSAHİBƏ
# 16 oktyabr 2015 10:25 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popovun APA-nın Moskva müxbirinə müsahibəsi.

- Son vaxtlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması müşahidə olunur, hər iki tərəf itkilər verir. Həmsədrlər bununla bağlı bəyanat yayıblar, lakin gərginliklərlə bağlı məsuliyyətin kimin üzərinə düşdüyünü açıqlamayıblar. Buna münasibət bildirməyinizi istərdik.

"Hələ 2011-ci ildə Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə silahlı insidentlərin araşdırılması barədə razılıq əldə olunmuşdu. Mexanizm ATƏT-in hərbi ekspertləri ilə birlikdə hazırlanıb və tərəflərə təqdim olunub".

- Tərəflər dəfələrlə münaqişənin həll olunmasını, mübahisəli məsələlərin sülh yolu ilə, siyasi-diplomatik vasitələrlə həllini istədiklərini bəyan ediblər. Lakin son zamanlar sərhəddə və təmas xəttində artilleriya, iri çaplı pulemyotlar və reaktiv atəş sistemlərindən istifadə edilməsi ilə silahlı toqquşmalar aktivləşib. Dinc sakinlər də daxil olmaqla, itkilərin sayı nəzərəçarpacaq dərəcədə artıb. Tərəflər atəşkəs razılaşmasının pozulmasına görə məsuliyyəti ənənəvi olaraq bir-birinin üzərinə atır. Sizin sadaladığınız hadisələr də istisna deyil. Lakin nə ATƏT-in münaqişə zonasında olan monitorinq əməkdaşlarının, nə də həmsədrlərin müvafiq araşdırma aparmadan təqsirli tərəfi müəyyənləşdirmək imkanı yoxdur.

Xatırlatmaq istərdim ki, hələ 2011-ci ildə Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə silahlı insidentlərin araşdırılması barədə razılıq əldə olunmuşdu. Bununla əlaqədar bizim “üçlük” səfir Anjey Kaspşiklə birlikdə Dağlıq Qarabağ münaqişəsi zonasında silahlı insidentlərin araşdırılma mexanizmi üzrə layihəni işləyərək prezidentlərə təqdim etdi. 2012-ci ilin yanvarında Soçidə keçirilən üçtərəfli görüşdə ona baxıldıqdan sonra prezidentlər həmsədrlərə sənəd üzərində işi davam etməyi tapşırdılar. Mexanizm əsasən ATƏT-in hərbi ekspertləri ilə birlikdə hazırlanıb və tərəflərə təqdim olunub. Hesab edirəm ki, onun praktikada istifadəsi sizin suallarınızı cavablandırmağa imkan verərdi. Bundan başqa, belə bir mexanizmin olması atəşkəs rejiminin pozulmasına təşəbbüs göstərənləri buna yol verməzdən əvvəl düşünməyə məcbur edərdi.

Etimad tədbirlərinin gücləndirilməsindən danışdıqda isə, onu hərbi sfera ilə məhdudlaşdırmaq lazım deyil. Vaxtilə Rusiyanın aktiv vasitəçiliyi ilə tərəflər humanitar əlaqələrin inkişafına şərait yaratmaq barədə razılığa gəlmişdilər. Bu, onunla əsaslandırılırdı ki, ziyalılar, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun qurulması danışıqların atmosferinə pozitiv təsir edə bilər. Bir neçə belə görüşlər baş tutdu. Demək olmaz ki, hər dəfə hər şey uğurlu olurdu. Nəticə verən müzakirələr də olurdu, uğursuz nəticələnən də. Hesab edirəm ki, bu kimi təmasların siyasiləşdirilməsindən qaçmaq lazımdır ki, onlar haqq-hesab çəkmək meydanına çevrilməsin. Bununla yanaşı, artıq qeyd etdiyim kimi, bu işlə bağlı müsbət təcrübə var və bundan istifadə etmək olardı.

- Məlumdur ki, bu günə kimi irəli sürülən təkliflərdən heç biri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin mövqelərinin yaxınlaşmasına kömək etməyib. Münaqişənin tezliklə həll edilməsi ilə bağlı yeni təkliflər varmı?

"Söhbət indi ondan getmir ki, yanaşmalar kardinal şəkildə dəyişdirilsin və nizamlanma prosesində əldə olunan hər şeydən imtina edilsin. Əsas vəzifə budur ki, artıq əldə olunmuş nəticələr əsasında, onlara lazımi korrektələr edərək balanslaşdırılmış həll yolu tapmaqda tərəflərə yardımçı olaq".

- Sizin gəldiyiniz qənaətlə razı deyiləm. Məhz vasitəçilərin sayəsində bir çox mübahisəli məqamlarda mövqelər yaxınlaşdırılıb. Əsasən münaqişənin nizamlanmasının baza prinsipləri razılaşdırılıb. Onlar hamıya məlumdur, ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə öz bəyanatlarında bu barədə qeyd ediblər. Tərəflər ümumilikdə bu prinsipləri rədd etmədən onların həyata keçirilməsi ardıcıllığını müxtəlif cür görürlər. Bununla əlaqədar söhbət indi ondan getmir ki, yanaşmalar kardinal şəkildə dəyişdirilsin və nizamlanma prosesində əldə olunan hər şeydən imtina edilsin. Əsas vəzifə budur ki, artıq əldə olunmuş nəticələr əsasında, onlara lazımi korrektələr edərək balanslaşdırılmış həll yolu tapmaqda tərəflərə yardımçı olaq. ATƏT-in Minsk Qrupunun həmsədrləri bu istiqamətdə işləyir. Bu yaxınlarda Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirləri ilə görüşümüz oldu. Bu ayın sonunda Ermənistan və Azərbaycan rəhbərliyinin mövqelərini dəqiqləşdirmək üçün regiona səfər etməyi planlaşdırırıq. Eləcə də, Qarabağa getmək niyyətindəyik. Paralel olaraq, həmsədrlərin razılaşdırdığı yanaşmalar çərçivəsində Rusiya özü müstəqil səylər də göstərir. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mövzusu hər zaman İrəvan və Bakı ilə yüksək səviyyədə əlaqələrimizdə diqqət mərkəzində saxlanılır. Münaqişənin nizamlanması Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvaya bu ilin aprel-may aylarında səfəri zamanı geniş müzakirə olunub, Sergey Lavrovun həmkarları ilə görüşlərində müzakirə predmeti olub. Bütün bu kollektiv işin nəticələri növbəti Ermənistan-Azərbaycan sammitində nəzərdən keçirilə bilər. Əlbəttə ki, son qərar İrəvan və Bakınındır. Bölgəyə səfərimiz zamanı bu barədə ətraflı müzakirə aparmağı planlaşdırırıq.

"Dağlıq Qarabağın statusu tərəflərin razılığı əsasında müəyyən olunmalıdır".

- ABŞ-ın analitik şirkəti “Stratfor” Rusiyanın Dağlıq Qarabağda sülhməramlı qüvvə yerləşdirmək niyyətində olduğu haqda məqalə ilə çıxış edib. Münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi mövzusunda hansısa müzakirələr aparılırmı?

- Həmin yazını şərh etməyəcəyəm. Qoy, oradakı qənaətlər həmin o “analitik”lərin vicdanına qalsın. Praktik planda sülhməramlıların yerləşdirilməsi məsələsi Dağlıq Qarabağ münaqişəsi barədə əsas razılaşma əldə olunandan sonra qaldırıla bilər. Sülhü dəstəkləyən çoxmillətli qüvvələr əməliyyatının başlanması üçün ATƏT-in Budapeşt sammitinin qərarına əsasən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi olmalıdır. Sülhməramlı qüvvələr göndərmək istəyən ölkələrin arasından həmin kontingentin formalaşdırılması münaqişə tərəflərinin razılığı əsasında həyata keçiriləcək.

- Ermənistan prezidenti Serj Sarkisyan son bəyanatlarının birində Dağlıq Qarabağın Ermənistanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib. Sizcə bu bəyanat danışıqlar prosesinə xələl gətirmirmi və işğal faktını təsdiq etmirmi?

- İnformasiya-təxribat fonunun davamlı olaraq qatılaşması, hansı ki, son zamanlar bunun üçün səbəb az deyil, danışıqlar prosesinə mənfi təsir göstərir. O ki qaldı Dağlıq Qarabağın statusuna, bu, tərəflərin razılığı əsasında müəyyən olunmalıdır.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR