Ötən il 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib

Ötən il 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib
# 15 fevral 2016 15:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ötən il yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət qaydasında 59 minə qədər bələdiyyə aktına baxılıb, onlardan 1700 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, təmin edilməyən təkliflərlə bağlı məhkəmələrdə 19 iddia qaldırılıb.


APA-nın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyindən keçirilən kollegiya iclasında bildirilib. Qeyd olunub ki, bələdiyyələr tərəfindən qanunsuz ayrılmış 1.400-dən çox hektar torpaq sahəsi geri qaytarılıb. 65 material hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib, həmçinin qanunvericiliyin tələblərini pozmuş 388 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Kollegiyada həmçinin bildirilib ki, 2015-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığı genişlənib, o cümlədən Pakistan və Çin ilə ölkəmiz arasında məhkumların verilməsi haqqında müqavilələr imzalanıb, beynəlxalq öhdəliklərdən irəli gələn məsələlərlə bağlı 17.500-dək sorğunun icrası üzrə tədbirlər görülüb.

İclasda həmçinin, ədliyyə fəaliyyətində mövcud nöqsan və çatışmazlıqlar müzakirə edilib, onların aradan qaldırılmasının zəruriliyi vurğulanıb. Eyni zamanda, ədliyyə fəaliyyətində işin səmərəliliyinin artırılması, vətəndaşların müraciətlərinə hər zaman həssas və qayğı ilə yanaşılması, insanlarla daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması, ədliyyə orqanlarında əmək və icra intizamının gücləndirilməsi, vakansiyaların çevik doldurulması, maliyyə nəzarətinin yüksəldilməsi, izafi xərclərə yol verilməməsi üzrə və digər aidiyyəti tədbirlər müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR