Prezident İstanbulda keçirilən XIX Avrasiya İqtisadiyyat Zirvəsinə təbrik məktubu göndərib

Prezident İstanbulda keçirilən XIX Avrasiya İqtisadiyyat Zirvəsinə təbrik məktubu göndərib
# 06 aprel 2016 11:46 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Azərbaycan prezidenti İlham Əliyev İstanbulda Mərmərə Qrupu Vəqfinin təşkilatçılığı ilə keçirilən XIX Avrasiya İqtisadiyyat Zirvəsinə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, prezidentin məktubunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov oxuyub.

Məktubda dövlət başçısı builki gündəliyə qlobal təhlükəsizliyi təhdid edən köçkunlər və terrorizmlə mübarizə məsələlərinin daxil edilməsini müsbət qarşıladığını bildirib. Bölgədə və dünyada yaşanan müxtəlif səpkili problemlərə baxmayaraq, regional layihələrin uğurla həyata keçirildiyinə diqqəti cəlb edən prezident İlham Əliyev layihələrin həyata keçirilməsində Azərbaycanın bundan sonra da öz üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb. Bölgədəki əsas problemin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən uzun müddətdən bəri işğal altında saxlanılmasından irəli gəldiyini xatırladan prezident, məktubuna bu sözlərlə davam edib:

“Ermənistan Respublikasının nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe nəticəsində indiyə qədər həllini tapmamış Dağlıq Qarabağ münaqişəsi region dövlətləri və xalqları arasında əməkdaşlığı inkişaf etdirməyə ən ciddi maneə olaraq qalır. Xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmaq istəmir, status-kvonu uzatmağa, münaqişənin sülh yoluyla həll edilməsindən bütün vasitələrlə yayınmağa çalışmaqdadır. Şübhəsiz, regionda sülhün və əmin-amanlığın ədalətli şəkildə təmin edilməsi yalnız bu tipli münaqişələrin beynəlxalq normalara uyğun şəkildə həllindən sonra mümkün ola bilər”.

Dövlət başçısı məktubunun sonunda XIX Avrasiya İqtisadiyyat Zirvəsində irəli sürüləcək təklif və tövsiyələrin istər ikitərəfli, istərsə də qlobal əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əmin olduğunu bildirib.

Qeyd edək ki, toplantıda Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR