Türkiyəli ekspert: “Terrora qarşı güclü beynəlxalq əməkdaşlıq və yeni konsepsiya vacib şərtdir” - MÜSAHİBƏ

Türkiyəli ekspert: “Terrora qarşı güclü beynəlxalq əməkdaşlıq və yeni konsepsiya vacib şərtdir” - <span style="color: red;">MÜSAHİBƏ
# 15 iyul 2016 16:47 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Təhlükəsizlik və terror məsələləri üzrə Türkiyənin tanınmış mütəxəssisi, Ankaradakı Başkənt Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərcan Çitlioğlunun APA-ya müsahibəsi

- Daha əvvəl Avropa ölkələrində terror aksiyalarının davam edəcəyini demişdiniz. Əcnəbi media cihadçı terrorun Avropanın qəlbinə yerləşdiyini yazır. Hədəfdə olan Fransa niyə təsirli tədbirlər görə bilmir?

- Bundan əvvəl Fransada, Belçikada, İspaniyada, ABŞ-da, Türkiyədə həyata keçirilmiş terror aksiyaları dünyadakı heç bir ölkənin terror təhdidindən kənarda qalmadığını göstərmişdi. Ona görə, hal-hazırda heç bir ölkənin terrorizmdən tam şəkildə qorunduğuna zəmanət vermək mümkün deyil. Bunun əsas səbəbi İŞİD terror təşkilatının hər dəfə yeni metodlarla terror hadisələri törətməsidir. Yəni, klassik terror metodologiyasından fərqli şəkildə aksiyalar həyata keçirən İŞİD-i və digər terror təşkilatlarını təqib edib, nəzarətdə saxlamaq çox çətindir. Ona görə də həm ayrı-ayrı ölkələr terrorizmə qarşı mübarizədə yeni konsepsiyalar yaratmalı, həm də beynəlxalq səviyyəli əməkdaşlığı maksimum dərəcədə gücləndirməlidirlər. Hadisələr terrorizmə qarşı mübarizədə klassik metodların artıq təsirli olmadığını göstərib. Yeni və çevik metodlar və beynəlxalq səviyyəli güclü əməkdaşlıqdan başqa çarə yoxdur.

- Bu işlə məşğul olan beynəlxalq analitiklər İraq və Suriyadakı terror təşkilatlarının sıralarında olmuş adamların yenidən öz ölkələrinə qayıdarkən azadlıqdan məhrum edilmələrini terrorizmin əngəllənməsinin əsas şərtlərindən biri kimi irəli sürürlər. Bu barədə siz nə düşünürsünüz?

- Müasir dünyada insanların səyahət azadlığını əngəlləmək də asan iş deyil. Terrorçuların bir ölkədən çıxıb, başqa ölkəyə getmələri və ya bir müddət terror təşkilatlarının sıralarında qaldıqdan sonra öz ölkələrinə qayıtmaları da onun kimi. Dünya miqyasındakı mübahisələrin düyünləndiyi nöqtələrdən biri də “insanların azadlığı əvvəl gəlməlidir, yoxsa dövlətlərin təhlükəsizliyi?” şəklindəki prinsipial nöqtədir. Məncə, İŞİD terror təşkilatının əsas məqsədlərindən biri də insanların azadlığının məhdudlaşdırılmasına nail olmaqdır ki, bununla terror təşkilatı Qərbin əleyhinə daha çox təbliğat apararaq öz hərəkətlərinə haqq qazandırmağa çalışacaq. İraq və Suriyadakı terror təşkilatları sıralarında olanların bir qismi Avropa ölkələrinin vətəndaşlarıdır və onların bəziləri Avropaya qayıdaraq eyni əməllərin törədilməsinə rəhbərlik edirlər. Terrorçuların digər qismi isə öz ölkələrini tərk etməyən, yəni İraqda və ya Suriyada terror təşkilatları sıralarına qatılmayan inşalardır. Bu nöqtədə İŞİD terror təşkilatının əsas məqsədini yaxşı analiz etmək və insanların azadlığını məhdudlaşdırmadan terrorizmə qarşı təsirli mübarizə aparmaq lazımdır.

- Əcnəbi təhlilçilər Avropa ölkələri vətəndaşlarının tolerant olmalarının da terrora qarşı təsirli mübarizəni əngəlləyən faktorlardan biri olduğuna diqqəti cəlb edirlər. Siz də o cür düşünürsünüzmü?

- Avropanın demokratik ənənələri və ölkələrin sistemləri insanların tolerant olmasını şərtləndirir. Terrorçuların bundan sui-istifadə etdiyini görməmək mümkün deyil. Digər tərəfdən, unutmamalıyıq ki, terrora qarşı mübarizəni dövlətlərin müvafiq qurumları aparmalıdır və aparır. Ona görə, yenə də əvvəlki fikrimə qayıdıram: yeni dönəmin şərtlərinə və İŞİD terror təşkilatının həyata keçirdiyi metodlara qarşı yeni konsepsiyalar hazırlanıb, yubanmadan həyata keçirilməli və beynəlxalq miqyasdakı əməkdaşlıq maksimum səviyyəyə çıxarılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR