Mehdi Səlimzadə: “Bələdiyyə əhali ilə təmasda fəaliyyət göstərməlidir”

Mehdi Səlimzadə: “Bələdiyyə əhali ilə təmasda fəaliyyət göstərməlidir”
# 12 fevral 2016 13:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin sədri Mehdi Səlimzadə bəzi yerlərdə əhalinin əksəriyyətinin bələdiyyə sədrlərini, üzvlərini tanımamasına münasibət bildirib.

APA-nın məlumatına görə, M. Səlimzadə ucqarlarda fəaliyyətsiz bələdiyyələrin olduğunu və buna görə bələdiyyə sədrlərinin əhali tərəfindən tanınmadığını söyləyib. O deyib ki, bu məsələdə günahı tək bələdiyyələrdə görmür: “Əhalinin özü də bələdiyyələrlə sıx əlaqə saxlamalıdır. Amma bələdiyyə əhali ilə təmasda fəaliyyət göstərməlidir. İşin təşkili ilə bağlı maliyyə imkanı olmaya bilər, amma hər şeyi maliyyənin üstünə atmaq olmaz. Bələdiyyələr çalışmalıdır ki, vətəndaşlarla görüşlər keçirsin, problemlərin qarşılıqlı bölüşülməsinə nail olsun. Bəlkə müəyyən problemlərin həllində əhalinin müəyyən təbəqələrinə köməklik göstərilə bilər?! Yəni qarşılıqlı fəaliyyət davam etdirilməli və fəaliyyətsizliyə son qoyulmalıdır”.

M. Səlimzadə bu sahədə əsas problemlərdən birinin bələdiyyə sədrlərinin işlərinə ciddi münasibət göstərməməsi olduğunu vurğulayıb: “Maliyyə problemi bu sahədə əsas problem deyil. Necə olur ki, bələdiyyə sədrləri seçiləndə əhali onu tanıyır, ancaq sonra bələdiyyə fəaliyyətə başlayanda bələdiyyə vətəndaşı, vətəndaş da bələdiyyəni tanımır? Bunu anlamaq mümkün deyil. Ona görə də bələdiyyələr fəaliyyətdə olmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR