Nazirlik: Xəzəri ən çox çirkləndirən axarlardan biri Hövsan kanalıdır

Nazirlik: Xəzəri ən çox çirkləndirən axarlardan biri Hövsan kanalıdır
# 04 oktyabr 2016 11:46 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Abşeron yarımadasında Xəzər dənizini ən çox çirkləndirən axarlardan biri Hövsan kanalıdır. Hövsan kanalı vasitəsilə gün ərzində orta hesabla 100 min m3 həcmində tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzərə axıdılır”.

APA-nın xəbərinə görə, bu məqam Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində əks olunub.

Bülletendə bildirilir ki, Hövsan kanalına axıdılan tullantı suları əsasən Sabunçu rayonu ərazisində yerləşən Ramana, Sabunçu, Zabrat-1, Zabrat-2, Suraxanı rayonu ərazisində Suraxanı, Yeni Suraxanı və Binə qəsəbələrində formalaşaraq Suraxanı rayonu ərazisindən təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa dənizə axıdılır: “Tullantı sularını daşıyan bu axara qeyd edilən qəsəbələrdən əlavə, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Böyükşor gölünün səviyyəsinin tənzimlənməsi məqsədilə quraşdırılmış nasosxana vasitəsilə gün ərzində 30 min m3-ə yaxın göl suyu nəql olunur. Kanalın ətrafında neft hasilatı ilə məşğul olan “Balaxanı Oil Company” və“AzGerneft” MM müəssisələri fəaliyyət göstərir. Sözügedən müəssisələrdə formalaşan qarışıq mənşəli tullantı sular üçün heç bir təmizləyici qurğu yoxdur. Bu müəssisələrdə və qeyd edilən qəsəbələrin ərazisində yerləşən müxtəlif təyinatlı müəssisələrdə formalaşan sənaye və məişət-fekal tullantı suları Hövsan kanalı vasitəsilə təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır”.

Bülletendə qeyd olunur ki, neftçıxarma müəssisələrində formalaşan məişət-fekal tullantı suları ilə yanaşı, lay sularının da bir hissəsi bu kanal vasitəsilə dənizə axıdılır: “Bir neçə il əvvəl Sabunçu, Zabrat-1, Zabrat-2 və Ramana qəsəbələrində formalaşan sənaye və məişət-fekal tullantı suları “Ramana” tuneli vasitəsilə Hövsan kanalına axıdılırdı. Lakin baxımsızlıq səbəbindən tunel çöküb dağıldığından, suların Hövsan kanalına axıdılmasının qarşısı alınıb. Bununla əlaqədar, ərazidə yığılan tullantı və lay sularının kanala axıdılması üçün nasoslar quraşdırılıb və boru kəməri çəkilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR