Angel Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirmək barədə söz verib

Angel Merkel Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirmək barədə söz verib
# 19 oktyabr 2015 07:45 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Almaniya Türkiyənin Avropa İttifaqına üzvlüyünü sürətləndirmək barədə söz verib.

APA-nın RİA "Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İstanbulda səfərdə olan Almaniya kansleri Angela Merkel Əhməd Davudoğlu ilə keçirdiyi birgə mətbuat konfrasında bildirib.

“Biz Türkiyənin Avropa İttifaqına üzvlüyü prosesini dinamikləşdirmək, iqtisadi və pul siyasəti məsələlərini nəzərdə tutan 17-ci maddə üzrə danışıqlara başlamaq istəyirik. Digər maddələr üzrə müzakirələr isə sonra aparılacaq”, - deyə A. Merkel qeyd edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində 2016-cı ilin iyuluna qədər Avropa İttifaqı ölkələri ilə viza rejiminin aradan qaldırılacağına ümid etdiyini bildirib. Bu vaxt ərzində isə readmissiya haqda razılaşma (Avropa İttifaqı ölkələrinə onun ərazisi vasitəsilə qanunsuz yolla gələn üçüncü ölkə vətəndaşlarının Türkiyə tərəfindən qəbul edilməsi) qüvvəyə minəcək.

Ə. Davudoğlu Avropa İttifaqının miqrant probleminin həllinə yardım etməli olduğunu qeyd edib: “Beynəlxalq ictimaiyyət qaçqın böhranı ilə birgə məşğul olmalıdır. Bu isə Suriyadakı vəziyyət tənzimlənmədən mümkün deyil. Qeyri-qanuni miqrasiya ilə mübarizə bizim Almaniya ilə əməkdaşlığımızda vacib yerlərdən birini tutur”.

Qeyd edək ki, Türkiyə və Avropa İttifaqı arasında assosiasiya sazişi 1963-cü ildə imzalanıb. Rəsmi Ankara Avropa İttifaqına üzvlük üçün 1987-ci ildə müraciət etsə də, bununla bağlı danışıqlar 2005-ci ildə başlayıb.

Bu müddət ərzində Avropa standartlarına uyğunlaşmaq üçün Türkiyə hakimiyyəti qarşısına qoyulan 35 texniki maddədən 14-ü razılaşdırılıb, 17 maddə üzrə müzakirələr dayanıb, 4 maddə üzrə isə danışıqlar davam etdirilir.

Brüssel və Ankara arasında narazılıq əsasən, Türkiyənin Kiprlə bağlı mövqeyi və bir çox Avropa siyasətçilərinin ittifaqda müsəlman dövləti görmək istəməməsi ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR