Astarada çayətrafı kəndlərdə sürüşmə aktivləşib

Astarada çayətrafı kəndlərdə sürüşmə aktivləşib
# 12 mart 2016 07:14 (UTC +04:00)

Astara. Ağəddin Babayev - APA. Ötən ilin oktyabr-noyabr aylarından cənub bölgəsinə düşən intensiv yağıntılar torpaq sürüşmələrini yenidən aktivləşdirib.

APA-nın cənub bürosunun məlumatına görə, əvvəllər sürüşmə əsasən bölgənin Lerik və Astara rayonlarının ucqar dağlıq ərazilərində müşahidə olunub. Son günlər Lerikdə torpaq sürüşməsi nisbətən səngisə də, Astarada bunun əksi müşahidə edilir.

Rayonun ucqar dağlıq və axar çaya yaxın olan ərazilərində torpaq sürüşməsi davam etməkdədir. Sürüşməyə daha çox məruz qalan ərazilər isə Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsidir.

Kənd sakini Dadaş Cəlilovun sözlərinə görə, ona məxsus 30 sot torpaq sahəsinin 11 sotu sürüşməyə məruz qalıb. Həyətyanı sahədə 50 ədəddən çox sitrus, o cümlədən meyvə ağacları torpaq qatı ilə birlikdə çaya tökülərək sel sularına qarışıb, ev sahibinə xeyli maddi ziyan dəyib.

Torpaq sürüşməsi üç ailənin yaşadığı ev üçün də təhlükə yaradıb. Ailələrdən biri qohumlarının evinə köçmək məcburiyyətində qalıb.

Sakinlər bildirib ki, sürüşmənin qarşısı alınmazsa və onlar ərazidən köçürülməsələr hər an bədbəxt hadisə baş verə bilər.

Astara Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayon ərazisində torpaq sürüşmələrinin aktivləşməsi barədə müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ onların diqqət mərkəzindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR