Cavid Hüseynov məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib

Cavid Hüseynov məhkəmədə ona qarşı irəli sürülən ittihamları qəbul etməyib
# 10 fevral 2016 10:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbail rayon Məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Elmar Rəhimovun sədrlik etdiyi iclasda məhkəmə baxışının başlanmasına qərar verilib.

Bu dəfə də media nümayəndələri prosesə buraxılmayıb. Cavid Hüseynovun vəkili Adəm Məmmədov bununla bağlı vəsatət qaldırıb və jurnalistlərin prosesdə iştirak etmələrini istəyib.

Hakim vəsatətə münasibət bildirərək deyib ki, media nümayəndələrinin prosesdə iştirakına qadağa qoyulmayıb, sadəcə, zalda yer yoxdur.

Bundan sonra hakimin göstərişi ilə zala əlavə stullar gətirilib və jurnalistlərin iclasda iştirakına şərait yaradılıb.

Dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına münasibət bildirən Cavid Hüseynov ittihamları qəbul etmədiyini deyib.

Daha sonra ifadə verən Cavid Hüseynov deyib ki, məlum futbol matçında kiprli jurnalistə cavabında əl hərəkəti ilə Türkiyə ilə Azərbaycanın qardaş olduğunu göstərməyə çalışıb: “O oyundan sonra bibim oğlu Elşən İsmayılov mənə dedi ki, Rasim Əliyev adında jurnalist "Facebook"da mənim barəmdə nalayiq ifadələr yazıb. Mənsə ona dedim ki, əhəmiyyət verməsin. Elşənin Rasimlə görüşündən, onunla dalaşmağından xəbərim olmayıb. Sonra Rasim Əliyevin rəhmətə getdiyini biləndə Elşənə dedim ki, polisə təslim olsun, hər şeyi danışsın, “Whatsapp”da olan yazışmalarını da silsin. Çünki bu məsələdə adımın hallanmasını istəmirdim”.

Cinayətkar olmadığını deyən C. Hüseynov “altı aydır günahsız yerə həbsdəyəm, bunun haqqını kim ödəyəcək? Allahın hüzurunda olanda öz haqqımı tələb edəcəyəm”, - deyə bildirib.

Məhkəmə prosesi fevralın 24-dək təxirə salınıb.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir.

Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata ayrılıb.

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR