MSK seçkilərdə elektron səsvermənin tətbiqinin mümkünlüyünə aydınlıq gətirib

MSK seçkilərdə elektron səsvermənin tətbiqinin mümkünlüyünə aydınlıq gətirib
# 09 oktyabr 2015 09:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Əgər gələcəkdə qanunvericilikdə nəzərdə tutulsa, Azərbaycanda onlayn səsvermə həyata keçirilə bilər”.


APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədov bildirib.


R. Gülməmmədov deyib ki, bəzi ölkələrdə elektron səsvermə layihə formasında həyata keçirilir: “Bir sıra ölkələrdə, məsələn, Qazaxıstanda elektron səsvermə sahəsində problemlər ortaya çıxıb. Bir şeyə əmin deyilsənsə, cəhd edib bunun infrastrukturunu qurmaqdansa, səsvermə prosesini balanslı formada keçirmək daha yaxşıdır. Məsələn, bizdə səsvermə məntəqələrində veb-kameraların quraşdırılması uğurla təmin olunur. Gələcəkdə məsələ qanunvericilikdə əksini tapsa, elektron səsvermə mümkün ola bilər”.

R. Gülməmmədov qeyd edib ki, səsvermədə anonimlik əsasdır: “Veb-kameralar belə səsvermə kabinələri göstərmir. Evlərdən səsvermə anonimlik baxımdan problemdir, dünyada da bu məsələ araşdırılır. Məsələn, “Microsoft da sertifikatlarla bağlı onlayn imtahanları evlərdə yox, xüsusi yerlərdə təşkil edirlər ki, imtahan prosesində problem olmasın”.

R. Gülməmmədov elektron səsvermə ilə bağlı ölkə ərazisinin tam olaraq genişzolaqlı internet şəbəkəsi ilə əhatə edilməsinin də vacib olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR