İsveçrəli qonaqlar Bakının memarlıq abidələri ilə tanış olublar

İsveçrəli qonaqlar Bakının memarlıq abidələri ilə tanış olublar
# 19 sentyabr 2016 12:12 (UTC +04:00)

Bakı-APA. İsveçrənin Lozanna Federal Politexnik Universitetinin 39 nəfərdən (37 tələbə və 2 professor) ibarət qrupu Bakıda işgüzar səfərləri çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

AzMİU-nun mətbuat xidmətindən APA-ya bildirilib ki, universitetin rektoru, professor Gülçöhrə Məmmədova ilə görüşən qonaqlar səfərlərinin məqsədi barədə danışıblar. Məktəbin nümayəndəsi Bris Lekampion məlumat verib ki, tələbə təşkilatının təşəbbüsüylə gerçəkləşən səfərləri tanışlıq xarakteri daşıyır: “Əsas məqsəd Bakı şəhəri, burada yerləşən memarlıq abidələri, müasir tikililər, Azərbaycanda tikinti və infrastruktur sahəsində həyata keçirilən layihələrlə tanış olmaqdır”.

Qonaqlar AzMİU ilə yaxından tanış olublar, fakültələri, müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyaları gəziblər, professor-müəllim heyətiylə söhbətləşiblər. AzMİU-nun rektoru da rəhbərlik etdiyi Universitet barədə qonaqlara məlumat verib, İsveçrə Milli Elm Fondunun və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəbbüsüylə gerçəkləşdiriləcək layihədə adıçəkilən təhsil müəssisəsiylə əməkdaşlığın mümkünlüyü barədə təkliflər səsləndirib.

Təhsil Nazirliyinin dəstəyiylə gerçəkləşən səfər çərçivəsində qonaqlar “Atəşgah” məbədi, “Qala” qoruğu, “Qobustan” dövlət qoruğuna səfər ediblər. “İçərişəhər”lə yaxından tanışlıq isveçrəli qonaqların xüsusi marağına səbəb olub, onlar buradakı tarixi tikililərlə maraqlanıblar. Daha sonra qonaqlar “Holcim” sement zavoduna gediblər, zavodun iş prinsipiylə tanış olublar, Dəniz limanında gedən tikinti işlərinə baxıblar.

Qeyd edək ki, Lozanna Federal Politexnik Universiteti qədim təhsil ocaqlarından biridir. İsveçrə Federal hökumətinin nəzarəti altında fəaliyyət göstərən universitetin missiyası mühəndis və alimlər hazırlamaq, elm və texnologiyalar sahəsi üzrə ölkədə birincilik əldə etmək, sənaye müəssisələri ilə əməkdaşlıq qurmaqdan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR