Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi artıb

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi artıb
# 05 avqust 2016 11:49 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Bu ilin iyul ayında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı 391 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27% çoxdur. “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “APA-Economcis”ə verilən xəbərə görə, ümumilikdə 2016-cı ilin ötən yeddi ayı ərzində Bakı hava limanı 1,69 mln. sərnişinə xidmət göstərib.

Bu müddət ərzində hava limanının yük terminalı vasitəsilə 8,9 mln. ton yük daşınıb ki, bunun da 88%-i yüklərin, 12%-i isə poçt göndərişlərinin payına düşür. Hava limanının sərnişin dövriyyəsinin əsas artımı beynəlxalq aviadaşımaların hesabına baş verib. “Azərbaycan Hava Yolları”nın daxili reyslərindən 302 sərnişin istifadə edib (2015-ci il ilə müqayisədə 8% artım). Həmin sərnişinlərin 292 mini Bakı-Naxçıvan marşrutunun payına düşür.

Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat Bakıdan İstanbula, Moskvaya və Dubaya olub. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və BƏƏ hava yolları ümumilikdə il ərzində bu istiqamətlərdə təqribən 800 min sərnişin daşıyıb. Türkiyənin məşhur kurortları olan Antalya, Bodrum, İzmir və Dalamana sərnişin dövriyyəsi bu il ərzində 56,5 min nəfər təşkil edib.

Heydər Əliyev adında Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir. Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən xidmət keyfiyyətinə görə AZAL 4 ulduza layiq görülüb. Heydər Əliyev adına Beynəlxalq Hava Limanı il ərzində 9 mln. sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR