ABŞ dövlət katibi Antoni Blinken ilə BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
Onun sözlərinə görə, Blinken və Quterreş “bir çox məsələləri, o cümlədən Qara dəniz taxıl müqaviləsini”, Rusiya-Ukrayna müharibəsini və Haitidəki təhlükəsizlik məsələsini müzakirə ediblər.
“Onlar BMT Baş Assambleyasında ABŞ-ın prioritetlərini, o cümlədən BMT Nizamnaməsinin və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas prinsiplərinə dəstək, 21-ci əsrin çağırışlarına cavab vermək üçün BMT-nin yenilənməsi və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq səylərini müzakirə ediblər”, - deyə o bildirib.