Florida qubernatoru Ron DeSantis rəsmi olaraq ABŞ prezidentliyinə seçkilərdə namizədliyini irəli sürüb.
APA xəbər verir ki, bu barədə DeSantis “Twitter”in audio platformasında bildirib.
Qeyd edək ki, DeSantis Respublikaçılar Partiyasında Donald Trampın əsas rəqibi hesab olunur. İfrat sağçı fikirlərinə baxmayaraq, 44 yaşlı siyasətçi amerikalı seçicilərin böyük marağına səbəb olub.
DeSantis bir müddət əvvəl Ukraynadakı müharibə ilə bağlı bəzi qalmaqallı açıqlamalar verib. Ötən il siyasətçi Rusiyanın Ukraynaya müdaxiləsinin ərazi mübahisəsi olduğunu bildirdikdən sonra Respublikaçılar Partiyasının nümayəndələrinin tənqidinə tuş gəlib və tənqid dalğasından sonra Ron DeSantis ritorikasını dəyişib.
Bundan sonra DeSantis Rusiya Prezidenti Vladimir Putini hərbi cinayətkar adlandırıb, onun məsuliyyətə cəlb olunmasını tələb edib və həmçinin Rusiyanın bu müharibədə qalib gəlməyəcəyini bildirib.