Aftandil Hacıyev: “Onları saxlaya bilmədik”

 Aftandil Hacıyev: “Onları saxlaya bilmədik”
# 07 fevral 2020 23:17 (UTC +04:00)

“Maraqlı oyun oldu hər iki komandanın ifasında. Qol epizodları oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda “Keşlə” ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Paytaxt derbisində “Keşlə”nin qonağı olan “Səbail” səfərdən 1:0 hesablı qələbə ilə dönüb.

Oyunsonrası mətbuat konfransında Hacıyev fikrini bu sözlərlə davam etdirib: “Bu mövsüm fərqli “Keşlə” görürük. Həm az qol buraxır, həm də nəticəyə oynayır. Biz də rəqibi yaxşı təhlil etmişdik. Bilirdik ki, hansı boşluqlar var. Uşaqlar da bu plan üzrə oynadılar. İlk hissədə istədiyimiz kimi oynadıq, qol vura bilmədik. Ümumilikdə yaxşı çıxış etdik. Rəqibin heyətində təcrübəli oyunçular var. Amma komandamız getdikcə oyununu yaxşılaşdırır. Buna baxmayaraq, baş verənlərin təsiri olur. Dəyişikliklər zamanı uyğunlaşma üçün zamana ehtiyac olur”.

- Qış fasiləsindən əvvəlki güclü heyətlə qələbə üzünə həsrət idiniz. Amma indi gənclərlə daha yaxşı oynayırsınız. Fərq nədə idi?
- Gedən oyunçular yaxşı futbolçular idi. Sadəcə, durumla əlaqədar onları saxlaya bilmədik. İndi heyətə qatdığımız oyunçuları yaxşı tanıyıram. Onlara da güvənmək lazımdır. Çalışırıq, o güvəni onlara verək. Bu gün həm gənclər, həm də təcrübəlilər yaxşı çıxış etdilər. Amma o demək deyil ki, bu bizim maksimumuzdur. Heyətdə daha yaxşı oynamağa qadir oyunçularımız var.

- Düşünmürsünüz ki, gənclər gedənlərlə müqayisədə maliyyəni yox, oyunu düşünürlər?
- Xeyr. Maliyyə futbolun tərkib hissəsidir. Bizimlə qalanlarla davam edirik.

- Ruslan və Fəhminin durumu necədir?
- Ruslanın dizində problem var idi. Çalışırıq ki, ondan ehtiyatlı istifadə edək. Fəhmində isə ciddi zədə olmamalıdır. Bu gün bütün oyunçularımız yoruldu. 5 gün ərzində süni örtükdə iki güclü komanda ilə qarşılaşdıq. Növbəti oyuna istirahət edib, hazırlaşmağa vaxtımız olacaq.

- “Keşlə”yə qarşı yaxşı oynayırsınız. Belə çıxır ki, onların boşluğunu yaxşı tutmusunuz?
- Elə oyunlar olub ki, qələbəmizi hakimlər əlimizdən alıb. Ola bilər ki, “Keşlə”yə qarşı daha yaxşı oyunumuz alınır. Təsadüf də ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR