Tarif Şurası: Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti tənzimlənənədək davam edəcək

Tarif Şurası: Proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti tənzimlənənədək davam edəcək
# 05 avqust 2015 11:13 (UTC +04:00)

Bu barədə APA-ya Tarif Şurasının Katibliyindən bildiriblər.

Katiblikdən qeyd olunub ki, bu qayda ilə proses dövlət qeydiyyatına alınmış bütün dərman vasitələrinin qiyməti tənzimlənənədək davam edəcək: “Qeyd olunduğu kimi, 25 təsiredici maddə üzrə 256 dərman vasitəsinin qiyməti təsdiqlənib, həmin tərkibli digər dərmanların qiymətlərinin tənzimlənməsi avqust ayının sonunda həyata keçiriləcək və Tarif (qiymət) Şurasının qərarında göstərildiyi kimi, bu tərkibli dərman vasitələrinin hamısının qiyməti eyni vaxtdan, yəni 2015-ci ilin 15 sentyabr tarixindən qüvvəyə minəcək”.

Qeyd edək ki, iyulun 30-da Tarif (qiymət) Şurasının iclasında dərman vasitələrinin ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti təsdiq edilib.

Qərara əsasən, həmin dərman vasitələrinin qiymətləri, eləcə də rəqabət mühitinin pozulmaması üçün bu dərmanlarla eyni təsiredici maddəyə malik olan digər dərman vasitələrinin qiymətləri 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə minəcək. Həmin tarixdən etibarən Şuranın qərarında göstərilən 25 təsiredici maddə üzrə qiymətləri təsdiq edilməyən dərman vasitələrinin satışı həyata keçirilə bilməz. Bu təsiredici maddələr üzrə qiymətləri təsdiq edilməyən digər dərman vasitələrinin qiymətlərinin təsdiqlənməsi üçün sənədlərin (bəyannamələrin) qəbulunun son müddəti 2015-ci il avqust ayının 10-dək müəyyən edilib.

Hazırkı qiymətlərə nisbətən qiymətləri tənzimlənmiş dərman vasitələrinin 20 faizinin qiyməti 3 dəfədən, 40 faizdən artıq dərman vasitəsinin qiyməti isə 2 dəfədən çox, ümumilikdə isə qiymətləri tənzimlənmiş dərman vasitələrinin 90 faizinin qiymətləri enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR