“Azəryol” klubu amerikalı voleybolçu ilə müqavilə bağlayıb

“Azəryol” klubu amerikalı voleybolçu ilə müqavilə bağlayıb
# 15 iyul 2015 15:01 (UTC +04:00)

Bakı – APA. “Azəryol” növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdə CEV kubokunda mübarizə aparacaq Bakı təmsilçisi amerikalı blokçu Janell Saykeslə danışıqları müsbət yekunlaşdırıb.

22 yaşlı voleybolçu ilə 2 illik müqavilə imzalanıb. Böyük perspektiv vəd edən Saykes özünü yaxşı tərəfdən göstərəcəyi halda 2016/2017 mövsümündə əsas komanda – “Azərreyl”də də oynamaq şansı qazana bilər.

Transferinə münasibət bildirən Janell Azərbaycan klubuna keçdiyi üçün sevincini də gizlətməyib. Onun sözlərinə görə, artıq yalnız “Azəryol” haqda düşünür: “Ötən yay belə bir komandaya keçəcəyimi fikirləşə bilməzdim. İndi yalnız bu klub barədə düşünürəm. Fikrimcə, arxada qalan mövsüm ərzində özünə inam hissim çox artdı. Belə bir təklifi qəbul etmək üçün də gücünə inanmalısan”.

Qeyd edək ki, “Azəryol” Saykesdən öncə Stefani Niemer (ABŞ) və Marin Apitzlə (Almaniya) müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR