Moskva hökuməti Novruz-2018 ümumşəhər bayramı keçirib

Moskva hökuməti Novruz-2018 ümumşəhər bayramı keçirib
# 25 mart 2018 23:40 (UTC +04:00)

Ümumrusiya Sərgi Mərkəzində (VDNX) Moskva Novruz-2018 ümumşəhər bayramı keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, Moskva meriyasının milli siyasət və regionlararası əlaqələr Departamentinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiyada yaşayan Novruz bayramını qeyd edən xalqların nümayəndələri iştirak ediblər.

VDNX-nın 75 saylı pavilyonunda keçirilən ümümşəhər tədbirində onminlərlə paytaxt sakini iştirak edib. Pavilyonda 17 milli güşə yaradılıb. Novruz bayramını qeyd edən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, İran, Dağıstan, Tatarıstan, Başqırdıstan və digər xalqların nümayəndələri tədbirdə öz milli güşələri ilə təmsil olunublar. Adı çəkilən xalqların Rusiyadakı diaspor nümayəndələri pavilyonda öz milli mətbəxlərinin ən yaxşı nümunələrini və "Novruz" atributlarını nümayiş etdiriblər.

Rusiyadakı Azərbaycan diasporu tərəfindən yaradılan "Azərbaycan güşəsi"ndə (Azerbaydjanskiy dvorik) milli mətbəximizin ləziz təamları, Novruzun atributları sayılan şəkərbura, paxlava və qoğal Novruz-2018 ümumşəhər bayramının iştirakçılarına təqdim olunub.

Tədbir çərçivəsində Novruz bayramını qeyd edən xalqların nümayəndələri arasında plov müsabiqəsi keçirilib. Azərbaycan, özbək, tacik və İrandan olan aşpazlar plov bişirmək üzrə müsabiqədə güclərini sınayıblar. Müxtəlif mətbəxlərə məxsus tonlarla plov bayrama gələn Moskva sakinlərinə təqdim olunub.

Novruz-2018 ümumşəhər bayramına Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da qatılıb. Azərbaycan, Özbəkistan, Tacikistan və digər Mərkəzi Asiya ölkələrinin səfirləri, Moskva meriyasının rəsmiləri VDNX pavilyonunda qurulan milli güşələrlə tanış olublar. Novruz-2018 ümumşəhər bayramı konsert proqramı ilə davam etdirilib. Konsertdə Novruz bayramını qeyd edən xalqların nümayəndələrinin, milli rəqs qruplarının ifasında musiqili nömrələr nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR