ABŞ Müdafiə Nazirliyi “Lockheed Martin” korporasiyası ilə ən yeni AIM-260 “hava-hava” tipli taktiki raketlərin istehsalının genişləndirilməsinə dair çərçivə sazişi bağlayıb.
APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyi razılaşmanın detalları barədə məlumat verməyib. Bildirilib ki, sənəd Pentaqonun AIM-260 raketlərini bir neçə il ərzində satın almaq niyyətini əks etdirir.
Razılaşma, həmçinin bu raketlərin ABŞ-nin xarici müttəfiqlərinə tədarük həcminin artırılmasını nəzərdə tutur.
“Lockheed Martin” öz növbəsində bildirib ki, razılaşmanın AIM-260 raketlərinin satın alınmasına dair çoxillik müqavilənin imzalanması ilə nəticələnməsi nəzərdə tutulur. Yekun razılaşma ABŞ Konqresinin təsdiqini tələb edir.
Şirkətin məlumatına görə, AIM-260 raketləri F-22 və F-35 beşinci nəsil döyüş təyyarələrinin silahlanmasına daxildir.