İlham Əliyev: “Azərbaycanda beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib”

İlham Əliyev: “Azərbaycanda beynəlxalq yarışların keçirilməsi ənənəyə çevrilib”
# 29 sentyabr 2017 14:25 (UTC +04:00)

“Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib”

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə çıxışı zamanı deyib.

“Biz beynəlxalq arenada - Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitələri çərçivəsində də fəal iştirak edirik. Bizim beynəlxalq federasiyalarla da çox yaxşı əlaqələrimiz var. Təsadüfi deyil ki, Azərbaycanda demək olar ildə bir neçə dəfə mötəbər beynəlxalq yarış keçirilir. Bu günlərdə Bakı şəhərində qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçirilir. Azərbaycanda beynəlxalq yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib. Biz buna öyrəşmişik və bu da əlbəttə ki, həm ölkəmizin potensialını göstərir, həm də beynəlxalq federasiyaların bizə olan inamını əks etdirir. Bu idman tədbirləri arasında mötəbər yarışları bu gün xüsusilə qeyd etmək istərdim. Bakıda iki dəfə Formula-1 yarışı keçirilib. Bu, tamaşaçı auditoriyasına görə Yay Olimpiya Oyunlarından sonra yəqin ki, ikinci idman yarışıdır. Bu yarışların auditoriyası 500 milyon insandır. Bakıda iki dəfə keçirilmiş “Formula-1” yarışı artıq “Formula-1” yarışları arasında özünəlayiq yer tuta bilib. Çünki bu, şəhər yarışıdır və tamaşaçılar üçün, televiziya ilə bu yarışı izləyənlər üçün həm yarış daha maraqlı keçir, eyni zamanda, şəhərimizin gözəlliyi yarım milyard insana təqdim olunur.

Azərbaycanda dünya, Avropa çempionatları keçirilir. Əlbəttə ki, mən 2015-ci ildə keçirilmiş birinci Avropa Oyunlarını xüsusi qeyd etməliyəm. Bu qərarı qəbul edən Avropa Olimpiya Komitələrinin rəhbərlərinə və üzvlərinə bir daha minnətdarlığımı bildirmək istəyirəm. O vaxt bu qərarın qəbul edilməsi bizə imkan verdi ki, bu Oyunları keçirək, öz imkanlarımızı göstərək və beləliklə, Avropa Oyunlarına start verək. Bilirsiniz ki, hazırlıq üçün bizim cəmi 2 il yarım vaxtımız var idi və deyə bilərəm ki, bu Oyunlar qısa müddət ərzində Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilib. Bakıda bu Oyunlarda 50 ölkə, 5 mindən çox idmançı, nümayəndə heyətlərinin minlərlə üzvü, qonaqlar iştirak ediblər. Onu da qeyd etməliyəm ki, Azərbaycan bu Oyunlarda çox yaxşı nəticələr göstərib, komanda hesabında idmançılarımız ikinci yerə layiq görülüblər. Bu Oyunlar bizim hamımızın xatirindədir, bu, gözəl bir idman və dostluq bayramı idi. O günlərdə yaşanan ab-hava əminəm ki, bundan sonra da bizim yaddaşımızdan silinməyəcək. Bu gözəl təcrübəni əldə edərək, Azərbaycan bu il IV İslam Həmrəyliyi Oyunlarını uğurla keçirib. Bu Oyunlarda 54 ölkə, 3 mindən bir qədər çox idmançı iştirak edib. Bu Oyunlarda da Azərbaycan idmançıları öz güclərini göstərərək bu dəfə komanda hesabında, 54 ölkə arasında birinci yeri tuta biliblər. Bu Oyunlar da çox böyük müvəffəqiyyətlə keçdi. Həm Avropa Oyunlarında, həm də İslam Həmrəyliyi Oyunlarında iştirak etmiş idmançılar və qonaqlar əminəm ki, öz vətənlərinə ən xoş təəssüratlarla qayıdıblar”.

Prezident qeyd edib ki, bu Oyunların keçirilməsi həm ölkəmizin potensialını, həm bizim siyasətimizi, həm də imkanlarımızı göstərir: “Çünki bu Oyunlar sadəcə olaraq idman yarışları deyil. İdman dostluğu möhkəmləndirən, xalqlararası münasibətləri gücləndirən önəmli bir amildir. Bir şəhərdə cəmi iki il ərzində həm Avropa, həm İslam oyunlarının keçirilməsi bizim sivilizasiyalararası dialoqa da verdiyimiz növbəti töhfə kimi qəbul edilməlidir. Siz bilirsiniz ki, Azərbaycan bu istiqamətdə dünya miqyasında çox böyük işlər görür. Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi özünü təsdiqləyib. Biz keçən ili Azərbaycanda “Multikulturalizm İli” elan etmişdik. Bu il isə “İslam Həmrəyliyi İli”dir. Bu iki təşəbbüs arasında sıx bağlılıq var. Yəni, biz, bu təşəbbüslə göstəririk və bildiririk ki, dünyada bütün məsələlər qarşılıqlı anlaşma, əməkdaşlıq şəraitində öz həllini tapmalıdır. Məhz Azərbaycan 2008-ci ildə “Bakı prosesi”nə start verdi. Bu gün “Bakı prosesi” BMT tərəfindən dəstəklənən çox geniş bir hərəkatdır. Məhz 2008-ci ildə Azərbaycan Avropa Şurasının mədəniyyət nazirlərinin toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərini dəvət etmişdi. Beləliklə, birinci dəfə hər iki təşkilat bir yerdə toplantı keçirmişdir. “Bakı prosesi” o gündən bu günə qədər çox böyük məsafə qət etmişdir və bu gün beynəlxalq aləmdə çox yüksək qiymətləndirilir. Yəni, idman ictimai həyatın önəmli amili kimi, əlbəttə, bundan sonra da öz rolunu oynayacaq. Azərbaycan idman yarışlarını keçirərkən, əlbəttə, eyni zamanda, bu məqsədi də güdür ki, idmançılar arasında, xalqlar arasında, ölkələr arasında münasibətlər qarşılıqlı etimad və hörmət əsasında qurulsun.

Bugünkü mərasim mənim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki mən iyirmi ildir ki, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyət göstərirəm. 1997-ci ildə Azərbaycan idman ictimaiyyəti bu etimadı mənə göstərib. Hesab edirəm ki, mən bu şərəfli missiyanı bu günə qədər icra edirəm. Baxmayaraq ki, o vaxtdan altı il sonra mən ölkə prezidenti seçilmişəm. Əlbəttə ki, mənim məsuliyyətim böyük dərəcədə artıb. Ancaq Milli Olimpiya Komitəsinin prezidenti kimi mən çalışıram ki, idmanın inkişafı ilə bağlı bütün məsələlərə diqqət yetirim. İdmançıların bütün yarışları demək olar ki, diqqət mərkəzindədir. Mən o yarışları imkan daxilində izləyirəm. İdmançıların qayğıları, problemləri ilə daim maraqlanıram. Mənim həyatımın iyirmi ili artıq Olimpiya Hərəkatına, idmana həsr edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR