Mərkəz: Strateji Yol Xəritəsinin icrası yoxsulluğun aradan qaldırılmasına imkan verəcək

Mərkəz: Strateji Yol Xəritəsinin icrası yoxsulluğun aradan qaldırılmasına imkan verəcək
# 28 fevral 2017 11:14 (UTC +04:00)

“Dünya iqtisadiyyatında baş verən neqativ proseslər, neftin ucuzlaşması nəticəsində ixracın azalması həm Azərbaycan iqtisadiyyatına, həm də yoxsulluq səviyyəsinə öz təsirini göstərib. Nəticədə 2016-cı ildə yoxsulluq səviyyəsində cüzi artım olsa da, vaxtında görülən qabaqlayıcı tədbirlər nəticə verib”.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən “APA-Economics”ə verilən məlumata hörə, bunu Mərkəzin eksperti Ramil Hüseyn deyib. Onun sözlərinə görə, hazırda qonşu dövlətlərlə müqayisədə ən aşağı yoxsulluq göstəricisi Azərbaycandadır.

“Son 15 ildə Azərbaycanda yoxsulluğun azaldılması istiqamətində həyata keçirilən kompleks tədbirlər, ölkədə aparılan genişmiqyaslı islahatlar davamlı sosial-iqtisadi inkişafa səbəb olub və əhalinin həyat səviyyəsi yaxşılaşıb. Belə ki, ölkədəki yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2015-ci ildə 4,9 faizə enib. Yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi on il ərzində 10 dəfə azalıb. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici Macarıstanda 14,5 %, Portuqaliyada 19,5%, Rumıniyada 25,4%, Latviyada 22,5%, Litvada 22,2%, Yunanıstanda 21,4% səviyyəsindədir. 2017-ci il yanvarın 1-ə qədər olan məlumata görə, Azərbaycan Respublikasında yoxsulluq səviyyəsi 5,9% təşkil edib”, - deyə o vurğulayıb.

R.Hüseyn bildirib ki, buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqinin dayandırılması, dərman vasitələri bazarının tənzimlənməsi ilə qiymət artımının qarşısının alınması, elektrik enerjisinin və təbii qazın ölkədaxili tariflərinin həssas təbəqənin maraqlarına uyğun olaraq yenidən tənzimlənməsi və bu kimi digər tədbirlər yoxsulluğun qarşısının alınmasında müstəsna rol oynayıb.

Ramil Hüseyn qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” əsasən isə ölkədə əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərini formalaşdırılacaq. Onun fikrincə, bu, yoxsulluğun azaldılmasına xidmət edəcək.

R.Hüseyn vurğulayıb ki, strateji yol xəritələrinin icrası nəticəsində isə 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək: “2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq: layiqli iş yerlərinin sayının artırılması; əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyə bilməyən insanlara ünvanlı sosial dəstək. Minimum əməkhaqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcək. Xüsusən də minimum əməkhaqqı orta əməkhaqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR