Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmədə həkim və təqsirləndirilən şəxs ifadə verib - YENİLƏNİB

Fikrət Qocanın oğlunun qətli ilə bağlı məhkəmədə həkim və təqsirləndirilən şəxs ifadə verib - <span style="color: red;">YENİLƏNİB
# 09 oktyabr 2017 13:35 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlunun qətlində təqsirləndirilən Elnur Nəhmədov, onun xuliqanlıqda təqsirləndirilən tanışları - Ruslan Məmmədov və Pərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrlik etdiyi iclasda təqsirləndirilən Pərviz Hüseynovun müdafiəsinə vəkil Arif Əliyevin qoşulduğu məlum olub.

İclasda 9 saylı xəstəxananın həkimi Günay Cavadova şahid qismində ifadə verib. Bildirib ki, hadisə yerinə gedəndə meyiti görüb. Orada olanlardan nə olduğunu soruşanda həmin şəxsin yıxıldığını deyiblər. G. Cavadova bildirib ki, meyit müayinə edilib: 'Orada olan təqsirləndirilən şəxslərdən biri israr edirdi ki, elektroşok verək, lakin dedim ki, artıq gecdir".

G. Cavadova bildirib ki, meyiti kresloda oturulu vəziyyətdə görüblər.

Prosesdə təqsirləndirilən Ruslan Məmmədov da ifadə verib. Bildirib ki, həmin gün Yalçın Qocayevlə spirtli içki qəbul ediblər: "Elnur gəlib ona dedi ki, səninlə işim var. Yalçın Elnurdan nəyə görə onun evinə gecə vaxtı zəng etməsinin səbəbini soruşdu. Bu zaman onlar dalaşdılar və bir-birinə söyüş söydülər. Elnur onu itələdi, Yalçın yıxıldı. Sonra köməkləşib Yalçını yerdən qaldırdıq. Gördüm ki, Yalçın xırıldayır. Uşaqlar həkim çağırdılar, həkim gəlib dedi ki, ölüb. Onun telefonu da yadımdan çıxıb məndə qalmışdı. Telefonu sonra aparıb satdım".

R. Məmmədov bildirib ki, hadisədən sonra Y. Qocayevin evinə gedib və oğluna atasını öldüyünü deyib. Bildirib ki, Y. Qocayevin telefonunu tanımadığı şəxsə 10 manata satıb, araq alıb içib.

Onun istintaq zamanı verdiyi ifadə də elan edilib . R. Məmmədov ifadəsinin bəzi hissələrini təsdiq etməyib, Y. Qocayevi vurmadığını, söymədiyini deyib.

Proses oktyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, bu il martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin inzibati binasında oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirilib. 1963-cü il təvəllüdlü Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR