Millət vəkili: “Yalnız böyrək və qaraciyər köçürməklə transplantologiya inkişaf edə bilməz”

Millət vəkili: “Yalnız böyrək və qaraciyər köçürməklə transplantologiya inkişaf edə bilməz”
# 14 sentyabr 2017 13:16 (UTC +04:00)

Azərbaycanda orqan və toxumalarının transplantasiya ilə əlaqədar qanun tam şəkildə həyata keçirilmir.

Azərbaycanda orqan və toxumalarının transplantasiya ilə əlaqədar qanun layihəsi tam şəkildə həyata keçirilmir. APA-nın xəbərinə görə, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Qənirə Paşayeva bildirib ki, 1999-cu ildə qəbul edilən qanunda orqan və toxumaların transplantasiya tam öz əksini tapmayıb. Bu gün şərait və imkanların artdığını deyən Q.Paşayeva qeyd edib ki, hələ də ölkədə bu proses yalnız cüt və arta bilən orqanlarla məhdudlaşır: “Bunu da ancaq ailə üzvləri və yaxınları verə bilər. Donor tapılmasa bu əməliyyatı aparmaq mümkün deyil. Çünki meyitdən orqan və toxumaların köçürülməsi məsələsi hələ də yoxdur. Yalnız böyrək və qaraciyər köçürülməsi aparılmaqla transplantologiya inkişaf edə bilməz. Ona görə də Səhiyyə Nazirliyi aydınlaşdırmalıdır ki, bu mexanizmləri niyə həyata keçirə bilmirik? İmkan ola-ola vətəndaşların xaricə üz tutması ölkəmizin imicinə zərər gətirir və valyuta kənara gedir. Digər tərəfdən də xaricə hər bir insan üz tuta bilmir”.

Millət vəkili qeyd edib ki, ölkədə donor olmaq istəyənlərlə bağlı hər hansı mexanizm yoxdur: “Hər il neçə-neçə gənclər dünyasını dəyişir. Orqan və toxuma transplantasiyaları vasitəsilə onların həyatını xilas edə bilərik. Beyin ölümü ilə bağlı kriteriyaların müəyyənləşməsi istiqamətində işlər görülməlidir”.

Q.Paşayeva əlavə edib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi də insanların ən çox gözlədiyi məsələlərdən biridir.

Deputat Azərbaycanda baş verən boşanmaların xeyli hissəsinin sonsuzluq səbəbindən baş verdiyini qeyd edərək qanun layihəsində bununla bağlı məsələnin öz əksini tapdığın da xatırladıb: “Layihəyə görə ailənin 10 il ərzində övladı olmursa, dövlət onlara süni mayalanma üçün yardım göstərməlidir. Mən mütəxəssislərlə də bununla bağlı müzakirələr aparmışam, onlar deyirlər ki, 10 il çoxdur, dövlət vətəndaşa bu imkanı bir dəfə verirsə, 5 ildən başlayaraq verə bilər. Çünki 10 il müddətinə qədər bu səbəbdən ailələrin çoxu dağıla bilər. Hesab edirəm ki, qoyulan müddəti 5-6 ilə endirmək məsələsinə baxılmalıdır. Çünki burada yaş və digər amillər də rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR