QHT icraçı direktoru: “Xocalı cinayətini törətmiş ermənilərin mühakiməsinə nail olmaq üçün addımlar atılmalıdır” - MÜSAHİBƏ

QHT icraçı direktoru: “Xocalı cinayətini törətmiş ermənilərin mühakiməsinə nail olmaq üçün addımlar atılmalıdır” - <span style="color: red;">MÜSAHİBƏ
# 24 noyabr 2017 12:28 (UTC +04:00)

“Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin təşəbbüskarı, “Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin icraçı direktoru Elman Aslanovun APA-ya müsahibəsi

- “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsinin konkret hüquqi anlamda mahiyyəti nədən ibarətdir?

- "Qüdrətli Azərbaycan Naminə" İctimai Birliyi soyqırımı və etnik təmizləmələr törədənlərin cəzalandırılmasına imkan verən “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsini Milli Məclisin müvafiq şöbəsi və ekspertləri ilə birlikdə hazırlayıb. Layihənin əsas mahiyyəti və məqsədi təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və etnik təmizləmə törədən şəxslərin cəzasızlığının aradan qaldırılması, bu cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərin cinayət təqibinin həyata keçirilməsi və həmin cinayətlərlə mübarizədə səmərəli beynəlxalq əməkdaşlığının həyata keçirilməsindən ibarətdir.

Layihənin ikinci hissəsi isə həmin qanun layihəsinin təbliğinə, yerli və xarici mütəxəssislər tərəfindən dəyərləndirilməsinə önəm verir. Çünki soyqırımı cinayətinin müəyyən edilməsi və bu cinayəti törətmiş şəxslərin cəzalandırılması prosesi çox mürəkkəb hüquqi bir prosesdir. Bu, yalnız beynəlxalq hüququn deyil, bütövlükdə cəmiyyətin yardımı ilə mümkün ola bilər. İndiyədək bəşəriyyət tarixində bir neçə soyqırımı törədənlər mühakimə olunublar. Amma bu işin ərsəyə gəlməsinə böyük zaman və gərgin əmək, siyasətçilər və hüquqşünasların birgə çalışması, vətəndaş cəmiyyətinin əzmi tələb olunur. Tarixdən məlumdur ki, məhz belə yanaşma nəticəsində Nürnberq prosesi baş tutub, Ruanda və Yuqoslaviyada baş verən hadisələrlə bağlı cinayətkarlar cəzasını alıb. Odur ki, yaxın tarixi olan Xocalı cinayətini törətmiş erməni qəsbkarlarının mühakimə olunmasına nail olmaq üçün hər kəs vahid siyasətə uyğun çalışmalı, bütün mümkün addımlar atılmalıdır.

- Qanun layihəsində qeyd olunan beynəlxalq cinayətlərlə əlaqədar konkret hansı və kimlərə qarşı sanksiyalar nəzərdə tutulub? Sanksiyalar nədən ibarətdir?

- Bu qanunun məqsədi təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və etnik təmizləmə törədən şəxslərin cəzasızlığının aradan qaldırılması, bu cinayətlərin qarşısının alınması, onları törətmiş şəxslərin cinayət təqibinin həyata keçirilməsi və həmin cinayətlərlə mübarizədə səmərəli beynəlxalq əməkdaşlığın həyata keçirilməsindən ibarətdir. Burada “Beynəlxalq cinayət” dedikdə - təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, etnik təmizləmələr nəzərdə tutulur. Qanun layihəsində Beynəlxalq cinayətlərə görə Azərbaycan Respublikası yurisdiksiyasının tətbiqi anlayışı da əksini tapıb. Bu anlayış konkret olaraq 3-cü maddənin 1-ci bəndində deyildiyi kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda beynəlxalq cinayət törətmiş və Azərbaycanda tutulmuş və ya Azərbaycan vətəndaşlarına qarşı beynəlxalq cinayət törətmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər və ya Azərbaycanın hüdudlarından kənarda beynəlxalq cinayət törətmiş Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və etnik təmizləmə beynəlxalq hüquq əleyhinə cinayət sayılır və Azərbaycan qanunvericiliyinə və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq qeyd edilən cinayətlərin qarşısının alınması və cəzalandırılması üçün zəruri dövlətdaxili tədbirlər həyata keçirilir. Bu tədbirlər müvafiq normativ hüquqi aktların qəbulunu, beynəlxalq cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərin axtarışını və cinayət məsuliyyətinə cəlb olunmasını, xarici dövlətlər, beynəlxalq məhkəmə orqanları və başqa beynəlxalq təşkilatlarla təcavüz, soyqırımı, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və etnik təmizləmələrlə mübarizədə hərtərəfli əməkdaşlığı nəzərdə tutur. Burada beynəlxalq cinayətlərə görə cinayət qanununun retroaktiv tətbiqi də nəzərdə tutulub ki, o da öz növbəsində 10-cu maddədə bu cür ifadə olunub: Azərbaycan qanunvericiliyinin heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

- Layihədəki digər maddələrin təsnifatı nədən ibarətdir?

- Qanun layihəsi 4 fəsil və 19 maddədən ibarətdir. Konkret olaraq Sizə qanun layihəsində olan yeni maddə və müddəalardan, beynəlxalq qanunvericilikdə və ümumiyyətlə bu mövzuda Azərbaycan tərəfinin atdığı ilk addımlardan danışmaq istərdim. Bütün mütərəqqi proseslərdə öndə olan müstəqil dövlətimiz bu sahədə də artıq ilkə imza atmaqdadır. Məsələn qanunun II Fəslinin 5-ci maddəsində sırf təcavüz anlayışı göstərilib ki, burada 5.1.-ci maddə də Bu Qanunun məqsədləri üçün “təcavüz cinayəti” xarici dövlətin siyasi və ya hərbi fəaliyyətinə faktiki rəhbərlik və ya nəzarət edən şəxs tərəfindən öz xarakteri, ciddiliyi və miqyasına görə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin kobud pozuntusu olan təcavüz aktının planlaşdırılması, hazırlaması, ona təşəbbüs göstərilməsi və ya həyata keçirilməsini ehtiva edir. Xüsusilə qeyd etmək istədiyim maddələrdən biri də İnsanlıq əleyhinə olan cinayətləri özündə əks etdirən 7-ci maddədir. Burada bu Qanunun məqsədləri üçün insanlıq əleyhinə cinayətlər hər hansı mülki əhaliyə qarşı genişmiqyaslı və ya sistematik olaraq qəsdən törədilən hücum çərçivəsində həyata keçirilən aşağıdakı hər hansı əməllərdən birini özündə əks etdirir. Məsələn adam öldürmə, tələf etmə, köləyə çevirmə, deportasiya və ya əhalinin məcburi köçürülməsi, işgəncələr, müəyyən edilə bilən hər hansı qrupun və ya birliyin siyasi, irqi, milli, etnik, mədəni, dini, cinsi əsasında və beynəlxalq hüquqa əsasən müvafiq olaraq yolverilməz hesab edilən başqa əsaslarla təqib edilməsi qanun layihəsində yer alıb. Burada xüsusi məqamlardan biri də etnik təmizləmələr haqqında ayrıca hissənin olmasıdır. Maddə 9-da etnik təmizləmə müvafiq plan və ya siyasət çərçivəsində istənilən zorakı hərəkətlərin törədilməsi və ya onların real hədəsi altında əhalinin tərkibinin eynicinsliliyini təmin etmək məqsədilə beynəlxalq hüquq normaları və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hüquqi əsaslar olmadan, qanuni şəkildə məskunlaşmış ərazilərdən daimi yaşayan əhalinin zorla köçürülməsi öz əksini tapır.

III fəsil isə ümumilikdə Beynəlxalq cinayətlərin təqibetmə rejiminin xüsusiyyətlərindən bəhs edir. Burada Beynəlxalq cinayətlərə görə müddətlərin tətbiq edilməməsi, Beynəlxalq cinayətlərə görə vəzifə səlahiyyətlərinə və immunitetlərə istinada yol verilməməsi, həmçinin rəislərin və digər vəzifəli şəxslərin məsuliyyəti haqqında xüsusi maddələr mövcuddur. Layihənin ümumilikdə IV fəsli Beynəlxalq cinayətlərlə bağlı işlər üzrə hüquqi yardım, Beynəlxalq cinayətlərə bağlı işlər üzrə ekstradisiya və Beynəlxalq cinayətlərə münasibətdə təqib etmə və ya təhvil vermə öhdəliyini özündə əks etdirir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR