Bakıda “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 illiyi” mövzusunda konfrans keçirilib

Bakıda “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 illiyi” mövzusunda konfrans keçirilib
# 24 fevral 2017 15:41 (UTC +04:00)

Bakıda “Rusiya və Azərbaycan: əməkdaşlıq və inkişafın 25 illiyi” mövzusunda konfrans keçirilib. Tədbirdə Rusiya Federasiya Şurasının, İctimai Palatanın nümayəndələri, rusiyalı ekspertlər, diplomatlar, azərbaycanlı millət vəkilləri, politoloqlar iştirak edib.

APA-nın məlumatına görə, tədbiri açan rusiyalı politoloq Sergey Markov Azərbaycanın artan nüfuzundan danışaraq ABŞ və Rusiya ordularının baş qərargah rəislərinin Bakı görüşünün bunun bariz nümunəsi olduğunu deyib.

Rusiya səfirliyinin müşaviri Oleq Maraşov son 25 il ərzində iki ölkə münasibətlərində mövcud olan modelin hər iki tərəfin milli maraqlarına əsaslandığını söyləyib. O, Rusiyanın Azərbaycanın xarici ticarət tərəfdaşları arasında ilk beşliyə daxil olduğunu, qeyri-neft sektorunda isə birinci tərəfdaş olduğunu bildirib: “Son 25 il ərzində Azərbaycan Rusiya üçün strateji tərəfdaşa çevrilib. İqtisadi potensial, Şimali Qafqazın yaxınlığı, Xəzər məsələsi, enerji məsələlərində unikal yeri və səmimi münasibəti bunun əsas səbəbləri arasındadır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Rusiya-Azərbaycan münasibətlərinin əsl təzahürü kimi sovet dövrü ilə müqayisədə rusdilli məktəblərin sayının artmasını göstərib. Deputat Azərbaycanda rusdilli KİV-in fəaliyyət göstərdiyini də söyləyib.

MM-in Regional siyasət komitəsinin sədri Arif Rəhimzadə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olmasında ölkə başçıları ilə yanaşı, iki xalq arasındakı münasibətlərin də vacib rol oynadığını vurğulayıb. Bununla belə, o, Rusiya parlamentinin Xocalı faciəsini soyqırım kimi hələ də tanımamasından narahat olduğunu bildirib: “Bu, mənim üçün tapmaca olaraq qalır. Niyə Rusiya parlamenti yüz il əvvəlki “erməni soyqırımı” məsələsinə münasibət bildirir, amma 20-25 il əvvəl baş verən hadisələr barədə danışmır? Niyə Rusiya XİN Lapşinin buraxılması ilə bağlı məsələ qaldırır, amma işğal alındakı ərazilərə səfər edən, Rusiya vətəndaşı olan azərbaycanlı barədə danışmır? Bunun səbəbləri nədir?!”

Azərbaycandakı rus icmasının sədri Mixail Zabelin ölkədə 358 məktəbdə rus sektorunun mövcud olduğunu və 18 sırf rusdilli məktəbin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Dmitri Savelyev Azərbaycanın Rusiyadan aldığını silahla istənilən təhdidə cavab verə biləcəyini deyib. Onun fikrincə, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı “yol xəritəsi”nin cızılmasının vaxtı yetişib. D. Savelyev Rusiya tərəfindən Xocalı faciəsinə qiymət verilməsinin vaxtının yetişdiyini də vurğulayıb: “Çoxları susmağa üstünlük verir, lakin hamımız böyük adamlarıq. Bilirik nə baş verib, kim günahkardır. Əgər susmağa davam etsək, belə hallar gələcəkdə təkrarlana bilər”.

Digər natiqlər də Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsinə toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR