ARDDA rəisi Meksika səfiri ilə görüşüb

ARDDA rəisi Meksika səfiri ilə görüşüb
# 26 oktyabr 2017 10:32 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının (ARDDA) sədri Qüdrət Qurbanov Meksikanın ölkəmizdəki səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb.

ARDDA-nın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Q. Qurbanov Azərbaycan iqtisadiyyatının bütün sahələri kimi dəniz nəqliyyatı sahəsinin də inkişaf etdirilməsinin prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu vurğulayaraq, dövlət başçısının xüsusi diqqət və qayğısı sayəsində dəniz nəqliyyatı sahəsinin dinamik inkişafı üçün böyük imkanlar yaradıldığını diqqətə çatdırıb.

Q. Qurbanov bildirib ki, ARDDA qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsinin öyrənilməsi və bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirir. Ölkəmiz bu sahədə çoxtərəfli əməkdaşlıq fəaliyyətini təkcə Beynəlxalq Dəniz Təşkilatı ilə deyil, həmçinin Beynəlxalq Əmək Təşkilatı, Avropa Dəniz Təhlükəsizliyi Agentliyi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional qurumlarla da inkişaf etdirməkdədir.

Azərbaycan 1995-ci ildən BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatına üzv olduğu tarixdən etibarən “Beynəlxalq Dəniz Təşkilatı haqqında Konvensiya”, “Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya” (SOLAS-74), “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınmasına dair Beynəlxalq Konvensiya” (MARPOL), “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya” (STCW), “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair beynəlxalq qaydalar haqqında Konvensiya” (COLREG), “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında Konvensiya” daxil olmaqla dəniz nəqliyyatı sahəsində 20-dən çox beynəlxalq konvensiya və protokola qoşulub.

Administrasiya rəisi həmçinin vurğulayıb ki, Beynəlxalq Dəniz Təşkilatının Audit Ekspert Qrupu tərəfindən 28 may - 6 iyun tarixlərində rəhbərlik etdiyi qurumda həyata keçirilən audit yoxlamasının tam obyektivliyə əsaslanan nəticələrinə əsasən respublikamız 172 dünya dəniz dövləti sırasında ən qabaqcıllar olan Avropa dövlətlərini geridə qoyaraq statistika üzrə ön sırada yer tutub.

Azərbaycanla Meksikanın beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlığına toxunan Q. Qurbanov deyib ki, Beynəlxalq Dəniz Təşkilatının Şurasında dəniz nəqliyyatı və naviqasiyası üzrə maraqlı dövlətlərin daxil olduğu C kateqoriyası üzrə Meksikanın üzv seçilməsi ARDDA tərəfindən daim hərtərəfli dəstəklənib.

Azərbaycanla Meksika arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu, son illərdə siyasi, iqtisadi, ticarət, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlığın sürətlə inkişaf etdiyini vurğulayan Q. Qurbanov əlavə edib ki, Meksikanın ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olması, Latın Amerikası ölkələrindən ilk dəfə olaraq məhz Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlaması, eyni zamanda Meksikanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olmaqla bərabər, Xocalı faciəsini soyqırım kimi tanıması tərəfimizdən yüksək dəyərləndirilir.

Öz növbəsində səfir bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd edildiyini deyib. Bu illər ərzində Azərbaycanla Meksika arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirildiyini qeyd edən diplomat bildirib ki, yaxın günlərdə imzalanmış hökumətlərarası təhsil, elm, gənclər, mədəniyyət və idman sahələrində əməkdaşlıq haqqında Saziş ölkələrarası münasibətlərin inkişafında mühüm rol oynayır.

Bundan əlavə ikitərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində parlamentlərarası əlaqələrin, həyata keçirilən mədəni-humanitar layihələrin, siyasi məsləhətləşmələrin önəmini də xüsusi vurğulanmalıdır.

Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanla Meksika arasında mövcud ticarət dövriyyəsinin 3 dəfəyə qədər artması ikitərəfli əlaqələrin daha da inkişaf etdiyinə nümunədir.

Görüşdə vurğulanıb ki, Azərbaycanla Meksika arasında digər sahələrlə yanaşı dəniz nəqliyyatı sahəsində də ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, eləcə də əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar və perspektivlər mövcuddur. Meksikanın bu sahədə böyük və zəngin təcrübəyə malik olduğunu nəzərə alaraq ARDDA bu əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsində və təcrübə mübadiləsinin aparılmasında maraqlıdır və bu istiqamətdə səylərin artırılması, eləcə də daim diqqət mərkəzində saxlanılması zəruridir.

Diplomat səfirliyin fəaliyyəti və onun əsas məqsədlərindən biri - müxtəlif sektorlar üzrə ikitərəfli əlaqələrin möhkəmlənməsi barədə danışıb. Bu xüsusda, Dövlət Dəniz Administrasiyası ilə onun meksikalı həmkar qurumu arasında mümkün əməkdaşlığı qeyd edib. Həmçinin, diplomat Meksikada limanların rolu və dəniz sektorunun vacib məlumatlarını diqqətə çatdırıb. Eyni zamanda məlumat verildi ki, Meksikada iki okean - Sakit və Atlantik okeanlara çıxışı olan yüksək səviyyəli liman qurğuları mövcuddur. Bundan əlavə, əməliyyat qabiliyyətini illik 98 milyon tona çatdırmağı istəyən yeni Verakruz limanının imkanları vurğulanıb.

Beynəlxalq Dəniz Təşkilatındakı üzvlükləri haqqında söhbət edən tərəflər bu qurum çərçivəsində ikitərəfli əməkdaşlığı müzakirə edərək, məsələ ilə bağlı fikir mübadiləsi apardılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR