ABŞ Prezidenti Donald Tramp ticarət naziri Hovard Latniklə maliyyə naziri Skott Bessent arasında Çinə mikroçip ixracına tətbiq olunan məhdudiyyətlərlə bağlı fikir ayrılığı olduğunu təsdiqləyib.
APA xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Onların iki fərqli mövqeyi var. Açığı, bu məsələyə fərqli yanaşırlar. Hər ikisi qarşı tərəfin haqsız olduğunu deyə bilər”, – ABŞ Prezidenti qeyd edib.
Tramp yekun qərarın daha sonra açıqlanacağını bildirib və Hovard Latnikin fəaliyyətini müsbət qiymətləndirib.
O, Latnikin rəhbərlik etdiyi nazirliyin Çinə qarşı ixrac nəzarətində kifayət qədər sərt davranmaması səbəbindən ABŞ-ın milli təhlükəsizliyinin riskə atıldığı barədə iddiaları rədd edib.
“Milli təhlükəsizliyimiz təhlükə altına düşməyib. Çin bizimlə oyun oynayır, biz də Çinlə”, – Tramp deyib.
Prezidentin sözlərinə görə, administrasiya daxilindəki fikir ayrılığı Pekinlə münasibətlərin qorunması və daha sərt ticarət məhdudiyyətlərinin tətbiqi arasında seçimlə bağlıdır.
Tramp xatırladıb ki, “Nvidia” şirkətinə Çinə ən müasir “Blackwell” çiplərini ixrac etməyə icazə verilməyib. Onun sözlərinə görə, şirkət yalnız əvvəlki nəsil çipləri tədarük edə bilərdi.
ABŞ Prezidenti Çin səfəri ərəfəsində Pekinlə münasibətləri gərginləşdirmək istəmədiyini də vurğulayıb.