Azərbaycan filmləri XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalının proqramına daxil edilib

Azərbaycan filmləri XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalının proqramına daxil edilib
# 10 avqust 2015 20:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan filmləri XI Kazan Beynəlxalq Müsəlman Kino Festivalının proqramına daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, sentyabrın 5-dən 11-dək "Mədəniyyət dialoqundan dialoq mədəniyyətinə" devizi ilə keçiriləcək festivalın proqramına 25 ölkədən tammetrajlı və qısametrajlı bədii və sənədli filmlər, animasiya filmləri olmaqla ümumilikdə 50 film daxil edilib.

Azərbaycan istehsalı olan "Bakı sübhdən günbatanadək" filmi festivalın "Tammetrajlı sənədli filmlər" kateqoriyasında, "Köhnə saat" cizgi filmi isə "Animasiya filmləri" kateqoriyasında təqdim ediləcək.

"Bakı sübhdən günbatanadək" tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə "Dünya sübhdən günbatanadək" beynəlxalq layihəsi çərçivəsində hazırlanıb.

Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik süjetlərdən ibarət 18 qısa film çəkilib ki, bu filmlərdən də 50 dəqiqəlik bir tammetrajlı sənədli film ərsəyə gəlib.

Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və "Azanfilm" studiyasıdır.

"Azanfilm"in "Birlik" yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi "Köhnə saat" cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR