Rustavidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var

Rustavidə polislə etirazçılar arasında qarşıdurma olub, xəsarət alanlar var
# 03 fevral 2017 14:27 (UTC +04:00)

Gürcüstanın Rustavi şəhərində polislə etirazçılar arasında qarşıdurma olub.

APA-nın “İnfo Rustavi” saytına istinadən verdiyi məlumata görə, qarşıdurma “Rustavi Azot” kimya zavodunun işsiz qalan əməkdaşlarına dəstək məqsədi ilə keçirilən yürüş zamanı baş verib.

Aksiyada tələbələr, həmkarlar təşkilatlarının nümayəndələri və “Azot” zavodunun keçmiş işçiləri iştirak ediblər. Şartava meydanından başlayan aksiya şəhərin mərkəzi küçəsində yürüşlə davam etdirilib, nəticədə yolda nəqliyyatın hərəkəti dayandırılıb. Polisin müdaxilə cəhdi qarşıdurma ilə nəticələnib.

Bildirilir ki, insident zamanı aksiya iştirakçıları və polis əməkdaşları xəsarət alıblar. Polis müdaxiləsinə rəğmən, aksiya dayandırılmayıb. İştirakçılar meriya binasına doğru irəliləyirlər.

Qeyd edək ki, “Rustavi Azot” zavodunun yeni rəhbərliyi müəssisədə ixtisarlar aparıb. Nəticədə ötən ay 2010 əməkdaşla müqavilələr yenilənib, 340 nəfər isə ixtisara düşüb. Müəssisə direktorunun müavini İosif Qozalişvili faktı təsdiqləyib və bildirib ki, şirkət işsiz qalan şəxslərə 3 ay ərzində 1500 lari təzminat ödəyəcəyini bəyan edib. Lakin bu vəd işsiz qalanları qane etmədiyindən onlar etiraz aksiya keçirməyi üstün tutublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR