Səməd Qurbanov: “Müşahidə Şurasının bəyanatdan xəbəri yoxdur”

Səməd Qurbanov: “Müşahidə Şurasının bəyanatdan xəbəri yoxdur”
# 06 aprel 2017 15:58 (UTC +04:00)

“Elxan Abdullayevin azarkeşlərlə bağlı xoşagəlməz fikir səsləndirdiyini mətbuatdan oxudum. Düz etməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib.

Ölkə kubokunun yarımfinal mərhələsinin “Qarabağ”la keçirilmiş cavab oyunundan (0:0) sonra “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev “Forza Neftçi” fan-klubunun üzvlərini xuliqan adlandırmışdı. “Ağ-qaralar”ın buna görə Abdullayevlə vidalaşacağı gözlənilsə də, klub rəhbərliyi çalışdırıcının işindən razı olduğunu və onunla müqavilənin müddətinin daha 1 illik uzadılacağını açıqlayıb.

Bu məsələyə münasibət bildirən Qurbanov Abdullayevin doğru hərəkət etmədiyini deməklə yanaşı, onun azarkeşləri xuliqan adlandırmasını çılğınlıqla əlaqələndirib: “Futbol azarkeşlər üçündü. Biz onlara görə oynayırıq. “Forza Neftçi” fan-klubunda həm gənc, həm də yaşlı nəslin nümayəndələri var. Bizim oynadığımız vaxtda da zəif çıxış edəndə azarkeşlər söyürdülər. Gərək oynayasan ki, söyülməyəsən. Elxan bunu edibsə, düzgün hərəkət deyil. Bəlkə də o, bu sözləri özündən asılı olmayaraq deyib. Uğursuzluqdan sonra insan əsəbi, gərgin olur. Sözdür də, ağzından çıxıb. Elxan deyir ki, arxadan onun ünvanına söyüşlər işlədilib. Görünür, bunu götürməyib, əsəbləşib. Bəziləri o sözləri “yeyir”, amma Elxan bir az çılğındır”.

Qurbanov klubun bu gün yaydığı bəyanatdan məlumatsız olduğunu qeyd edib: “Bu məsələ ilə bağlı Müşahidə Şurasının iclası olmayıb. Klubun yaydığı bəyanatdan mənim, həmçinin şuranın xəbəri yoxdur. Şəxsən mən məlumatsızam”.

Veteran futbolçu sevimli komandasının cari mövsümdəki uğursuz çıxışını özünü doğrultmayan transferlərlə əlaqələndirib: “Bu mövsüm o qədər gələn-gedən oldu ki, “Neftçi”də komanda oyunu görmədim. Layiqli oyun göstərmədilər. “Neftçi”ni görəndə gərək rəqiblərin hamısı əssin. Bütün problemlərin səbəbi uğursuz transferlərdədir. Komandanın hazırkı nəticələrinə görə özümə yer tapa bilmirəm. Transferlərin Müşahidə Şurasına heç bir aiddiyyatı yoxdur”.

Qurbanov “Neftçi”nin həyata keçirdiyi transferlər zamanı ondan məsləhət alınmadığını vurğulayıb: “Yeni oyunçuların kimin istəyi ilə gətirildiyini bilmirəm. Çünki məndən məsləhət alınmayıb, bununla bağlı fikrimi öyrənməyiblər. Məndən məsləhət alsaydılar, bu futbolçuların heç birini komandaya yaxın buraxmazdım. Mövsümün əvvəlindən gələn oyunçuların hamısından narazı qalmışam. Sözümü də deyirəm. Yayda gələnlər, bəlkə də, heç əvəzedici heyətə düşməyə layiq deyildilər. Bizim əvəzedicilərimizdə gül kimi uşaqlar var. Onlara nəyə görə imkan yaradılmır, bu mənə çatmır. Buraxın, oynasınlar da, nə problem var? Müşahidə Şurasının iclaslarında da fikrimi bildirmişəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR