Bu ilin I yarısında 1600-ə yaxın şəxs peşə hazırlığına cəlb edilib

Bu ilin I yarısında 1600-ə yaxın şəxs peşə hazırlığına cəlb edilib
# 06 iyul 2018 13:56 (UTC +04:00)

Cari ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 1587 nəfər əmək bazarında rəqabət qabiliyyətli peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, onlardan 1501 nəfər üçün nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Kurslarda modul tədris proqramlarından da istifadə olunmaqla dülgər-xarrat, əməliyyatçı mühasib, elektrik-qaz qaynaqçısı, kompüter istifadəçisi, avtomobil təmiri üzrə çilingər, qənnadçı, dərzi, bərbər, xalçaçı, ofisiant, toxucu, tornaçı, mebel quraşdırıcısı və s. peşələr öyrədilib. Hazırda onlardan bir sıra peşə kursları davam etdirilir.

Qeyd olunan dövrdə 86 nəfər gənc isə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunub. Mərkəzdə həmin gənclər müxtəlif peşələr üzrə bilik və bacarıqlara yiyələnməklə yanaşı, peşə təlimi müddətində onların sosial reabilitasiya yönümlü müxtəlif tədbirlərə cəlb olunması, tətbiqi sənətlə məşğul olanların əl işlərindən ibarət sərgilərin təşkili və s. işləri də aparılır.

Gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminə dəstək məqsədilə Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin yanvar-iyun aylarında keçirilən peşəyönümü tədbirlərinə əksəriyyəti yuxarı sinif şagirdləri olan 69,2 min nəfər gənc cəlb olunub. Onlara əmək bazarında peşə və ixtisaslara olan tələbat, məşğulluq xidmətləri barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR