Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyası istifadəyə verilib

Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyası istifadəyə verilib
# 26 avqust 2017 11:43 (UTC +04:00)

Dövlət Gömrük Komitəsi (DGK) Zaqatalada Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyasını istifadəyə verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Azərbaycan Respublikasının fındıq və fındıq məhsullarının ixrac potensialının artırılması, biznes mühitinin yaxşılaşdırılması, iş adamlarının işinin yüngülləşdirilməsi məqsədləri ilə Dövlət Gömrük Komitəsi tərəfindən Zaqatala şəhərində Mərkəzi Gömrük Ekspertizası İdarəsinin Zaqatala Gömrük Laboratoriyasını istifadəyə verib. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün laboratoriyada yaradılan şəraitlə yaxından tanış olub.

Yaradılan laboratoriya müasir standartlara cavab verən avadanlıqlarla, reaktiv və ləvazimatlarla təchiz edilib. Laboratoriyada İmmun-Ferment Analizator vasitəsilə aflatoksinlərin təyini üçün sınaqlar aparılacaq.

Qeyd edək ki, aflatoksinlərin təyini üçün istifadə ediləcək metod beynəlxalq səviyyədə tanınmış və qəbul edilmiş metoddur. Bu metodla aparılmış sınaqların nəticəsi arbitraj qüvvəyə malikdir. Analiz müddəti qısadır, bu da vaxt itkisini azaldacaq. Laboratoriya tərəfindən beynəlxalq səviyyədə qəbul olunmuş formatda sınaq protokolları veriləcək. Laboratoriyanın mütəxəssisləri Mərkəzi Gömrük Ekspertizası İdarəsinin ekspertləri tərəfindən təlim alıblar. Mərkəzi Gömrük Ekspertizası İdarəsi aflatoksinlərin analizi üzrə İSO 17025 Beynəlxalq Standartı ilə akkreditasiya olunub, dəfələrlə beynəlxalq müqayisəli peşəkarlıq testlərində müvəffəqiyyətlə iştirak edib.

Xatırladaq ki, aflatoksinlər mikotoksin qrupuna aid olan ölümcül təhlükəli üzvi birləşmələridir. Bu maddələr insan orqanizmində onkoloji xəstəliklərə səbəb olur, xüsusən də qara ciyərin xərçənginə gətirə bilər. Avropa İttifaqı Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrdə və Azərbaycanda qida məhsullarında aflatoksinin miqdarının müəyyən normalardan yüksək olmamasına xüsusi nəzarət edilir. Tərkibində aflatoksin olan qoz-fındıq məhsullarının ixracına icazə verilmir. Yüksək keyfiyyətli fındıq məhsullarının ixracının artırılması üçün Azərbaycanda yetişdirilən bu məhsulların dəqiq laboratoriya analizi aparılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR