AYİB Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən birinə 6 milyon avro kredit ayırıb

AYİB Bakıda sərnişindaşıma ilə məşğul olan şirkətlərdən birinə 6 milyon avro kredit ayırıb
# 12 iyul 2018 13:53 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın paytaxtı və təxminən 3 milyon əhalisi olan, ölkənin əsas siyasi, inzibati, maliyyə və mədəni mərkəzi olan Bakı şəhərində müasir nəqliyyat həllərinin təmin edilməsi üçün maliyyə vəsaiti ayırır.

AYİB-dən "APA-Economics"ə verilən məlumata görə, hazırda ölkə paytaxtında təmin olunan avtobus xidmətinin 20 faizinə nəzarət edən və yalnız 2017-ci ildə 100 milyondan artıq sərnişin nəql etmiş ölkənin ən iri özəl avtobus operatoru "Xaliq Faiqoğlu" MMC üçün 6 milyon avro məbləğinə qədər dəyərində (Azərbaycan manatı ilə) kredit ayrılır.

Layihə çərçivəsində Xaliq Faiqoğlu MMC-nin müasir şəhər nəqliyyatı operatoruna transformasiya edilməsi prosesinə dəstək veriləcək.

Layihə sərnişin daşıma və kommersiya nəqliyyat vasitələri üçün Aİ Avro 6 emissiya standartına tam cavab verəcək 35 ədəd yeni alçaq platformalı dizel avtobusunun satın alınmasını dəstəkləyəcək. Bu avtobuslar köhnə avtobusları əvəzləyəcək və şirkətin illik CO2 emissiyalarını 2,853 ton azaldacaq.

Qeyd edək ki, AYİB Azərbaycanda qabaqcıl investisiya təşkilatıdır. Ölkədəki fəaliyyətinə 1992-ci ildən başlayandan bəri Bank maliyyə, korporativ, infrastruktur və enerji sektorlarında icra olunmuş 163 layihəyə 2,8 milyard ABŞ dollarından artıq sərmayə qoyub və həmin sərmayənin 58 faizi özəl təşkilatların payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR