ABŞ və Qətər İranın dondurulmuş aktivlərinin bir hissəsindən humanitar malların alınması üçün istifadə olunmasına imkan verəcək mexanizm üzərində işləyir.
Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ilkin mərhələdə Tehran Qətərdə saxlanılan 6 milyard dollar vəsaitə çıxış əldə edə bilər. Plan çərçivəsində İran Mərkəzi Bankının müraciəti əsasında Doha həmin vəsait hesabına ərzaq məhsulları, dərman preparatları və digər humanitar malların alınmasına icazə verəcək.
Nəşr qeyd edir ki, hazırda dünya üzrə təxminən 100 milyard dollar həcmində İran vəsaiti dondurulmuş vəziyyətdədir. Bu vəsaitlərin böyük hissəsi sanksiyalar səbəbindən Hindistan, İraq, Qətər və Çindəki hesablarda qalan neft gəlirlərindən ibarətdir.
Qəzet yazır ki, Vaşinqton bu mexanizm vasitəsilə İranın vəsaitləri necə xərclədiyinə nəzarət etməyə ümid edir. Bununla belə, Tehran ABŞ və Qətər tərəfindən hazırlanan planı hələ təsdiqləməyib.