“Abbasqulu ağanı nə Qəmlo, nə Kərbalayı İsmayıl öldürməyib”

# 15:26
30 oktyabr 2015

O, nəinki artıq tarixə qovuşmuş Sovetlər dövrünü, həm də bizlər üçün əlçatmaz olan simaları görmüş, onlarla ünsiyyətdə olmuş bir insandır. Kimlərlə işləməyib Nəriman dayı? Budyonnı, Voroşilov, Brejnev, Xruşşov... Bir də təbii ki, böyük Heydər Əliyevlə... Gəlin tələsməyək, 88 yaşlı Nəriman Kalba Həbib oğlu Yusifovu elə özünün dilindən yaxından tanıyaq.

 

...“Nankor ermənilər hər bir şeyi pozdular... Vedi Qərbi Azərbaycanın ən gözəl, ən dövlətli, təbiəti, özü, camaatı tamamilə saf, qəhrəman olan rayonlarından biri idi. Ailə üzvlərim - valideynlərim, babam əsrlərlə Vedidə yaşayıblar. Mən isə 1927-ci ildə orada anadan olmuşam. Orta məktəbi Vedidə başlayıb, 6-cı sinfə qədər orada təhsil almışam. Sonra İrəvana gedib pedaqoji texnikumu bitirmişəm”.

 

Nəriman dayı məşhur xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin kiçik oğlu Məmmədlə bir sinifdə oxuyub. O vaxt uşaq olsa da, Abbasqulu bəyin ölüm gününü indiki kimi xatırlayır.

 

“3 yaşım var idi. Səhər kənd evimizdə yuxudan oyandım. Gördüm ki, anam bacıma deyir: “Tərlan, bu gecə  Kərbəlayı İsmayılın tərəfdarları Abbasqulu bəy və Xəlili öldürüblər”. Bu söz illər keçməsinə baxmayaraq, hələ də qulağımda səslənir. Xəlilgil bizimlə qonşu idi, Abbasqulu bəyin evi isə əksinə, bizim evdən uzaqda yerləşirdi. Uşaq olduğum üçün hadisə ilə maraqlanmadım. Səhəri gün məktəbə gedəndə gördüm ki, artıq Abbasqulu bəy və Xəlilin qəbri məktəbin həyətindədir. 6-7 yaşdan sonra anladım ki, Abbasqulu bəy mənimlə oxuyan  Məmmədin, Xəlil əmi isə Lətif, Teymur və Nərimanın atası imiş. Xəlil əminin oğullarından Lətif indiyə kimi sağdır. O, Xanlarda yaşayır. Digər oğlu Teymur müharibədə, Nəriman isə Xanlarda dünyasını dəyişdi”.

 

Nəriman Yusifov Şadlinski haqqında çoxlarının bilmədiyi məqamları bizimlə bölüşdü. Təbii ki, çox şeyləri də yenə gizli saxlamaqla...

 

“Abbasqulu bəyin öldürüldüyü yer kinoda göstərilən yer deyil. O, öldürülən yerin yanında böyük daş vardı, 1970-ci ilə qədər orada qalmışdı. Biz hər dəfə dağa gedib qayıdanda maşını daşın yanında saxlayır, ora baxırdıq. Xatırlayıram, o vaxt güllələrin yeri açıq görünürdü. Amma biz buna fikir vermirdik. Çünki o vaxtlar belə şeylərlə maraqlanmaq olmazdı. Bir gün Fərman Kərimzadə məni tapmaq, yazdığı kitabı bağışlamaq üçün Moskvaya gəldi. Axşam vaxtı idi, evdə oturmuşdum. Birdən qapının zəngi  çalındı. Qapını açmamış soruşdum ki, kimsən? Dedi: “Mənəm, Fərman Kərimzadə, Qəmər xalanın oğlu”. Qəmər xalanın adını çəkəndə tanıdım. O, 10 yaş məndən balaca idi. Zəhra və Sara adında iki əkiz bacısı və bir qardaşı vardı. Mən onlarla 6 il bir sinifdə oxumuşam, amma yaşı az olduğu üçün Fərmanı tanımaq imkanım olmayıb. Sözün düzü, başım o qədər qarışıq idi ki, kitabı vərəqlədim, amma oxuya bilmədim. Bura gələndə isə anladım ki, Fərman tanınmış yazıçıdır. Fərmanın yazılarında Abbasqulu bəyin necə adam olduğu, qəhrəmanlıqları geniş əks olunub. Bu haqda bir də Əli Musayeviç Əliyev yazıb. Mənim 10 yaşım olanda onun 3 yaşı vardı. Onun ailəsi Vedinin Dəhnəz kəndindəndir. Atası Musa kişi Abbasqulu bəyin sağ əli olub. Abbasqulu bəy həmin gecə Xəlillə birlikdə Kərbəlayı İsmayılla görüşmək üçün Kolanıya tərəf  gedən zaman həmin vaxt onun evində çay içiblər. Musa kişi deyib ki, ora getməyin! Çünki Kərbəlayı İsmayıl Musa kişiyə xəbər göndəribmiş ki, mənim ona borcum çoxdur, amma deyin, gəlməsin, gəlsə, buradan sağ qayıda bilməyəcək. O da deyib ki, yox, getməliyəm. Hadisə zamanı Əlinin 3 yaşı vardı. Bu gün də xatırlayıram. 1937-ci il idi. Camaatı məktəbin həyətinə gətirmişdilər. Elə həmin vaxt, sən demə, Əli Musayeviçin atası Musa kişi Kərbəlayı İsmayılın tərəfdarlarının hamısını Dəhnəzdən Vediyə gətirib. Sonra onları Şirazlıya, oradan isə Qazaxıstana sürgün ediblər. Keçən ilə qədər hər yerdə bununla bağlı bir söhbət gedirdi. Abbasqulu bəyi kimin vurduğu ilə bağlı hər kəs bir söz deyirdi. Amma Əli Musayeviç öz kitabında bu məsələyə aydınlıq gətirib. Demək, onu nə Qəmlo, nə də Kərbəlayı  İsmayıl vurub. Onu kitabda adını çəkdiyi başqa adam vurub.

 

Nəriman dayının böyük qardaşı Bakıda yaşadığı üçün onu da götürüb Bakıya gəlir və beləliklə, Nəriman Yusifovun Azərbaycandakı fəaliyyət dövrü başlayır. Bakı həyatı onun qarşısında geniş imkanlar açır.

 

“1945-ci ilin sentyabrında İrəvanda pedaqoji texnikuma daxil oldum, oktyabrda isə böyük qardaşım müharibədən qayıtdı. O gələndən sonra Vedidən çıxdım. Sonra Azərbaycan Dövlət Universitetində hüquq fakültəsində oxudum, buranı bitirdikdən sonra prokurorluq orqanlarına keçdim. 10 il Bakıdakı prokurorluqda, sonra bir neçə rayonda prokuror işlədim. Axırıncı dəfə isə 1960-cı ildə Artyom rayonun prokuroru oldum”.

 

O hələ Azərbaycanda çalışdığı vaxtlarda SSRİ-nin siyasi elitasını, hətta rəhbərləri belə yaxından görür, tanıyır, onlarla eyni tədbirlərdə iştirak edir.

 

“Bir dəfə bizə dedilər ki, Xruşşov Bakıya, oradan da Neft Daşlarına gələcək. Biz də rayondakı bir neçə adamla yığışıb Xruşşovu qarşıladıq. Yaxın respublikaların rəhbərləri də orda idi. Baş katib iki saat Neft Daşlarında oldu, oranı gəzdi, fəhlələrlə söhbət etdi, ona verilən neftçi formasını geyindi. Sonra günorta yeməyi verildi, oradan da hərbi katerlə Bakıya gəldik. Camaat onun çıxışını dinləmək üçün stadiona yığışmışdı. Xruşşov çıxışa başladı. Çıxışdan sonra bir nəfər ona sual verdi ki, niyə ordunu zəiflədirsiniz? Xruşşov əlini sağ cibinə salıb cibinin astarını çıxartdı və cavab verdi: “Məni başa düşün, xəzinə boşdur”.

 

Ancaq elmlə məşğul olmaq istəyi Nəriman Yusifovu rahat buraxmır və seçimini edir.

 

“Payız fəsli idi, qəzetdə bir xəbər diqqətimi çəkdi. Xəbərdə qeyd olunurdu ki, hüquq sahəsi üzrə Akademiyada aspiranturaya qəbul var. Respublika prokurorluğuna xəbər vermədən sənədlərimi verdim müsabiqəyə. Elə oldu ki, müsabiqədən keçdim, amma dedilər ki, Moskvaya müsahibəyə  getməlisən. Getdim, oradakı söhbətdən də keçdim. Sonra Akademiyada məni aspiranturaya qəbul etdilər. Mən də ərizəmi verib, Artyom rayonunda prokurorluğu ilə xudahafizləşdim, gəldim Ali Sovetə”.

 

O, 1963-cü ilin oktyabr ayına kimi elmi işçi olaraq çalışır, sonradan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyir. Günlərin birində isə...

 

“O vaxt Mamed İsgəndərov Ali Sovetin sədri idi. Sən demə, ona Moskvadan, SSRİ Ali Sovetindən zəng vurublar ki, respublikada belə bir nəfər var, onu tez göndərin bizim yanımıza. Onunla görüşdüyümüz zaman mənə dedi ki, sizi Moskvadan istəyirlər. Narahat oldum, fikirləşdim, maraqlıdır, görəsən orada məni kim istəyər? Dedi ki, səni orada işə götürmək istəyirlər. Amma müsabiqədir, 3-4 namizəd var. Səhəri gün mənə bir nəfər də qoşub ezamiyyət verdilər.  Getdik Kremlə. Orada söhbətə dəvət olunan şəxslərdən ikisi Moskvadan, biri Ukraynadan idi. Sonradan məlum oldu ki, söhbət zamanı onların xoşuna gəlmişəm. Məni axırıncı dəfə SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi  Georqadzenin yanına apardılar. Ondan da razılıq aldım. Axşam vaxtı şöbənin katibəsi zəng vurdu ki, sabah Azərbaycana getməyin, sizi Nikolay Podgornı şəxsən qəbul edəcək. Həyəcandan səhərə qədər yata bilmədim. Səhər getdim, dedilər ki, ölkə rəhbərinə məruzə etməmiş sərəncam verməyə tələsmişik. Daha da təşvişə düşdüm. O, məni saat 12-də qəbul eləməli idi, amma başqa ölkənin rəhbəri ilə görüşdüyü üçün 20 dəqiqədən sonra qəbul elədi. İçəri daxil oldum. Böyük bir zal idi. Məni görüb, durub gəldi qabağıma, qarşıladı. Əyləşdik. Masanın üstündə “BT” siqaretləri var idi. Onlardan birini yandırıb çəkdi və dedi ki, sizin respublikaya gəlmişdim, məni orada çox yaxşı qarşıladılar, Göy-gölə apardılar. Sonra başladı ona necə qonaqlıq vermələri barədə danışmağa. Dedi ki, ona görə bir azərbaycanlı kimi sizinlə maraqlandım, istədim ki, sizi görüb söhbət edim. Bu sözlərdən sonra bir az rahatladım. 1 il 2 ay Kremldə işlədim. Sonra rəhbərlik belə qərara gəldi ki, qabağa çəkmək lazımdır. Məni Vətəndaşlıq Məsələləri üzrə bölmə müdiri qoydular. 11 il həmin şöbədə işlədim. Stalinin qızını, Soljenitsını və başqalarını vətəndaşlıqdan məhrum etməklə bağlı, yaxud xaricdən Sovetlər Birliyinə keçən adamların işlərinin hamısı mənim əlimdən keçib. SSRİ-nin bütün respublikalarında olmuşam. Bağışlamaq və vətəndaşlıq məsələsi üzrə 11 il ərzində Rəyasət Heyətinin elə iclası olmayıb ki, həmin iclasda iştirak etməyim”.

 

Onun böyük bir tarixin şahidi olduğunu artıq bir dəfə dedik. Bəli, Nəriman dayı yaxşılı-yamanlı çox məşhurlarla görüşüb, onlarla birgə işləyib.

 

“Uşaq vaxtı fəxr edirdik ki, Voroşilov, Budyonnı kimi şəxsiyyətlər var. Elə oldu ki, iclasda onlarla tez-tez görüşürdüm. Sovet hakimiyyətini quranlardan biri də Mikoyan olub, onunla da oturub iclas aparırdım”.

 

Nəriman dayı uzun illər davam edən Kremldəki fəaliyyətindən sonra yenidən Bakıya üz tutur. Bunu ona həkimlər məsləhət görürlər.

 

“Ora qapalı yer idi. On iki il orda oturmaq heç də asan deyildi. Sonradan onun fəsadları ilə qarşılaşdım. Şüa nəticəsində məndə möhkəm baş ağrıları əmələ gəlməyə başladı . Bir-iki il Kremlin həkimlərinin yanına gedib müalicə aldım. Gərək yayın günü - 30 dərəcə istidə papaq qoyaydım. Həkimlər məsləhət gördü ki, anadan olduğum yerə gedim, mən də Vediyə qayıdan deyildim ki? Sonra məlum oldu ki, Bakı prokuroru vəzifəsi boşdur, elə böyük vəzifə deyildi, amma vəzifə olmasaydı belə, mən gəlməli idim, çünki səhhətim yaxşı deyildi”.

 

Beləliklə, Nəriman dayı Bakıya qayıdır və fəaliyyətini burada davam etdirir. Ancaq işləmək elə də asan olmur. O, ədalətsizliklə üzləşir və öz ərizəsi ilə işdən çıxır. Bundan xəbər tutan respublikanın rəhbəri Heydər Əliyev məsələyə dərhal reaksiya verir, ədalət öz yerini tutur.

 

“Ədalət həmişə axırda öz yerini tapır... Əslində, Heydər Əliyevin məni çağıracağını gözləyirdim. Bir də gördüm ki, qəzetlərdə mənim adım gedir. Deputatlığa namizədliyim verilmişdi. Sonra görüşdük, əhvalatı danışdım. Əslində, hər şeyi bilirdi. Çox böyük kişi idi Heydər Əliyev. Dedi ki, dünənə qədər məsləhətləşmişdik, sizi Mərkəzi Komitəyə inzibati şöbənin müdiri götürək, sonra ədliyyə naziri götürmək qərarı verdik. Soruşdu ki, hansını istəyərdin? Dedim ki, mən təzə gəlmişəm deyə kadrları tanımıram, ona görə ikinci daha yaxşı olardı”.

 

Onu bu ahıl yaşında yalnız bir şey narahat edir: o da hamımızın problemi olan Qarabağ problemidir. Bu ağsaqqal dövlət adamının arzuları da elə hamımızın arzularıdır...

 

“Bütün Azərbaycan xalqı kimi mənim də ən böyük arzum budur ki, torpaqlarımız, Qarabağımız azad olsun. Hətta Vediyə də qayıtmalıyıq. Vedi həmişə bizim olub. Oralar bizim dədə-baba yerimizdir. Xalqımızın üzləşdiyi bütün çətinliklərin aradan qalxmasını arzu edirəm”.

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR