Bu hamamdan istifadə pulsuz idi – İki yumurta, iki çörək aparıb çimmək olardı

# 15:20
16 noyabr 2023

Corat qəsəbəsini Sumqayıtın qürur rəmzi, tarixinin, mövcudluğunun əsas dayağı hesab edirlər. İki min illik yaşı olan Corat tarixi abidələrlə zəngindir. Bu abidələrin içərisində hamamlar da var. Burada yaşam mübarizəsi aparan iki hamamdan biri Köhnə hamam, digəri isə Təzə hamam adlanır. Köhnə hamam dəniz qırağında yerləşir. Bu hamamın tarixi təxminən 6 əsr öncəyə gedib çıxır. Hamamın tikilməsində Əhliman adlı bir kişinin böyük rolu olub. Yerin altında, çöldən təxminən 1,50 m hündürlükdə yerləşən hamamın kanalizasiya boruları saxsıdandır. Bir zamanlar Hacı Məcid hamamını işlədən Əliağa İsabalayev deyir ki, Köhnə hamam uzun müddətdir taleyin ümidinə buraxılıb. Hamamda yaxınlıqda yerləşən Nəbi bulağının şirin, kükürdlü, müalicəvi əhəmiyyətli suyundan istifadə edilirmiş. Zərgərlər Coratda kükürdlü su olduğunu bildiklərindən, nəinki coratlılara, hətta yaxın kəndlərin adamlarına da “qəlp” qızıl satmazlarmış, çünki bu suda “qəlp” qızılı müəyyən etmək olurmuş. Təzə hamam isə kənd içində məscidin yaxınlığında yerləşir. 300 ildən çox tarixi olan günbəz şəkilli bu hamam Hacı Əmrulla bəyin hamamı adlanır. Həmin hamamın yaşı təxminən 3 əsrdən çoxdur. Hacı Əmrullanın nəticəsi Nərminə Abdullayeva babasının usta olduğunu və bu hamamı da özü inşa etdiyini deyir. Bu hamam da 70 ildən çoxdur ki, baxımsız vəziyyətdədir, uçulub dağılır. Məlumatlara görə bu hamam ilk istifadəyə verildiyi vaxtlarda buradan istifadə edən vətəndaşlardan pul alınmazmış. Corat qəsəbə icra nümayəndəliyindən isə bildirildi ki, hamamlar barədə aidiyyəti üzrə müraciət edilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli bildirib ki, hamamlar dövlət qeydiyyatına alınmayıb. Corat sakinləri narkoman yuvasına çevrilən bu tikililərin təmir olunacağı günü səbirsizliklə gözləyirlər.

Xədicə Səxavət, Əli Əliyev, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR