Şagirdin davranışlarına kim məsuliyyət daşıyır? Məktəb, yoxsa valideyn?

# 17:35
22 fevral 2024

Son zamanlar məktəblilərin nümayiş etdirdikləri davranışlar onu deməyə əsas verir ki, ölkəmizdə istər ailədə, istərsə də məktəblərdə təlim-tərbiyə sistemində boşluqlar var. Ən sonuncu hadisəyə nəzər yetirsək, məktəblinin yaşıdına qarşı zorakılıq videosunun media və sosial şəbəkələrdə yayılması mövzunun nə dərəcədə aktual olduğunu ortaya qoydu. Burada məsələ iki şaxəlidir. Birinci amil azyaşlıların tərbiyəsidirsə, ikinci amil texnologiyanın inkişaf etdiyi bir dövrdə onların təhlükəsizlik məsələsidir. Öncə bir reallığı qəbul etməyimiz gərəkdir ki, internetin geniş istifadə olunduğu dövrdə uşaqları telefondan, kompüterdən və təbii ki, sosial şəbəkələrdən tam uzaqlaşdıra bilmərik. Həm valideyn, həm də təlim-tərbiyyə müəssisələri sadəcə onların mənfi təsirlərindən qorunmağın yollarını uşaqlara aşılamalıdırlar. Psixoloq Aygül Məlikova deyir ki, uşaqların formalaşmasında ərtafında olan insanların rolu böyükdür. Psixoloq onu da bildirdi ki, uşaqların məktəb və yeniyetməlik dövründə zərərli vərdişlərə marağı daha da artır. Məktəblilərin davranışlarında məsuliyyət daşıyan tərəf kimi ilk olaraq məktəblər hədəf alınır. Məktəb şagirdin etdiyi hər bir hərəkətə məsuliyyət daşıyırmı? Təhsil eksperti Elşən Qafarovun fikrincə, son zamanlar baş verən hadisələrin artmasının səbəbi sosial şəbəkədən düzgün istifadə edilməməsi və məktəblərin fərdi nizamnaməsinin hələ də olmamasıdır. Baş verən hadisələrdə yalnız məktəb və valideyni günahlandırmağın düzgün olmadığını deyən ekspert aidiyyəti qurumların fəaliyyətsizliyindən də gileylənib. Məsul qurumların bu istiqamətdə valideyn və məktəblə hansı formada iş apardığını öyrənməyə çalışdıq. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə müraciət etdik. Qurumdan bildirdilər ki, şagirdlərin təhlükəsizliyi üçün bir neçə qurumla birlikdə tədbir görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin uşaq məsələləri üzrə baş məsləhətçisi Təranə Piriyeva da bildirdi ki, komitə tərəfindən mütəmadi olaraq uşaq və valideynlərin maarifləndirilməsi üçün tədbirlər həyata keçirilir. Göründüyü kimi, bütün məsələlər dönüb-dolaşıb yenə də məktəb psixoloqlarının üzərinə gəlib çıxır. Mütəmadi olaraq psixoloji durumlarını dəyərləndirib valideynlərilə birgə uşaqlarla işləmək məktəb psixoloqunun bir nömrəli vəzifəsidir. Bəs nə üçün məktəblərdə psixoloq xidməti tənzimlənmir? Onlar doğrudan psixoloqdur, yoxsa boş qalan ştatlara təyin olunan yaxın qohumlar ordusu? Hər şeyin açıq şəkildə yayıldığı dövrdə xalq dili ilə desək “zəmanə uşağı” yetişdirmək lazımdır. “Zəmanə uşağı” dedikdə istədiyini edən, sözünün keçməsi üçün hətta zorakılığa, xuliqanlığa əl atan uşaqlar deyil, özünü maksimum mənfi təsirlərdən qorumaq, ayıq-sayıq olmaq və öz hüquqlarını bilən nəsil yetişdirmək kimi anlaşılmalıdır. Övladlarımızda uşaq yaşlarından sözün həqiqi mənasında etik mədəniyyət formalaşdırmaq vacibdir. Bu gün həmyaşıdının başında yumurta sındıran bilməlidir ki, etdiyi əməlin qanuni məsuliyyəti var. Baş verənlərə müdaxilə etməyib videoya çəkən bilməlidir ki, zorakılığa şahidlik etmək zorakılıq etmək qədər məsuliyyət yaradır. Bu videonu sosial şəbəkələrdə yayımlayanlar anlamalıdırlar ki, bununla azyaşlıların gələcək həyatlarına təsir edəcək izlər buraxmaq özü məsuliyyətdir.

LƏMAN SALEHOVA TURAL ƏLİZADƏ APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR