Göylərə can atan insan ruhunun səsi - NEY

# 11:28
20 aprel 2016

APA.TV-nin efirində yayımlanan “Səsin sehri” proqramının növbəti buraxılışı nəfəsli alətlərin əcdadı hesab olunan neyə həsr olunub.

 

...Neyin səsi qeybdən gələn ilahi səsə bənzədilir. Hədis, ayə və duaların ney musiqi fonunda verilməsi bəlkə də bununla bağlıdır. Məhəmməd peyğəmbərlə bağlı hədislərdə də neylə bağlı fikirlərə rast gəlmək olar. Mövlanə Cəlaləddin Rumi isə qəzəllərində Adəm peyğəmbərin cənnətdə keçirdiyi xoş günlər zamanı ney çaldığımı iddia edir.

 

Ney - ən qədim çalğı alətlərindən biri sayılır. Bütün nəfəsli musiqi alətlərində olduğu kimi neydə də səs havanın alətin daxilinə üfürülməsi ilə alınır. Bu alətlərin ilk sadə nümunələri eramızdan bir neçə min il əvvəl qarğı və qamışdan hazırlanıb. Dünyanın ən müxtəlif bölgələrində neyin fərqli formalarına rast gəlmək olar. Azərbaycanda neyin bir neçə növü mövcud olub.

 

Orta əsrlər ədəbiyyatında neyi vəsf etməyən şair demək olar ki, yoxdur. Dahi Füzuli neyin naləsini belə təsvir edir:                                                                   

 

Nalədəndir ney kimi avazeyi eşqim bülənd
Nalə tərkin qılmazam ney tək kəsilsəm bəndübənd.

 

Hər bir musiqi aləti nə qədər qədimdirsə, onunla bağlı rəvayət və əfsanələr bir o qədər çoxdur. Ney də istisna deyil, bu nəfəsli musiqi aləti ilə bağlı çox maraqlı rəvayətlər var.

 

Sənətşünaslıq üzrə elmlər doktoru Abbasqulu Nəcəfzadə deyir ki, neylə bağlı danışılan rəvayətə görə, ibtidai insan qamışlıqda gəzərkən fitə bənzər səs eşidir və o, səsin səmtinə doğru irəliləyir və baxır ki, burda kimsə yoxdur, amma səs davam edir: “Yaxınlaşır və görür ki, bir qamış köndələn şəkildə yel çəkən istiqamətində o qamışın üzərində kiçik bir dəlik olmuş və külək əsdikcə fitə bənzər səs alınır. Sonra ibtidai insan üfürür və belə bir səslənmə alınır. Sonradan bir dəlik də açır, dəliyin birini açıb bağladıqda fərqli səslər alınır. Və beləliklə 3, 4, 5, 6 çalğı dəliyi açılır və bu gün bizim istifadə elədiyimiz ney yaranıb. Buna köndələn ney də deyilir”. Sənətşünas, hər bir çalğı alətinin adına, etimoloji açıqlamalar apardıqda olduqca maraqlı məqamlar ortaya çıxdığını qeyd edir: “Xalqımız niyə bu alətə ney deyib? Sovet dövründə çox təəssüflər olsun ki, özümüzə məxsus olan sözlər də əcnəbi xalqların adı ilə yanlış olaraq təqdim olunurdu. Bu gün türkoloq alimlərimiz bu sözlərin bizim dilimizdə olduğunu sübut edirlər. Mən təhsil adlığım dövrdə yazırdılar ki – ney fars sözüdür, qarğı-qamış deməkdir. Hazırda Türkiyədə yaşayan azərbaycanlı alim, nəfəs alətləri üzrə tədqiqatçı Seyran Qafarzadə tədqiqatlarında göstərir ki, neyin - əsli “na”dır. Klassik ədəbiyyatda bu alət həm də nay kimi təqdim olunur. O yazır ki bu na - Şumerdən gəlmə sözdür. “Na”da oxuyan qamış deməkdir”.

 

Mütəxəssislərin rəyinə görə, ən azı eradan əvvəl XVIII-XV minilliklərdə Azərbaycan ərazisində musiqi mədəniyyəti inkişafda imiş. Dövrün ən məşhur səsli çalğı alətlərindən biri də ney olub. Tarixi əsərlərdə bizim XIV əsrlərdə yaşamış Qütbəddin Nai kimi peşəkar bir neyzənin də adı çəkilir. Araşdırmalar həmçinin sübut edir ki, ney sözünün fars dilinə heç bir aiddiyyatı yoxdur.

 

Ney – Şərq xalqlarının ruhuna uyğun şəkildə yaradılıb. Ona görə, hər bir qədim şərq xalqı deyə bilər ki, bu alətin yaradıcısı bizik. Bu gün şərq xalqları arasında müxtəlif ney müxtəlif adlar altında istifadə olunur. Abbasqulu Nəcəfzadə bildirir ki, arxeoloji faktlara əsaslansaq Azərbaycan xalqının bu alətə daha çox haqqı çatır. Amma təəssüfləndirici hal ondadır ki, xalqımızın ən çox sevdiyi alətlərdən biri olan ney, Sovet dönəmində əlimizdən alınıb: “Sovet dövründə bu alət üzrə təhsilə icazə verilməyib. Üzeyir bəyin ən çox sevdiyi çalğı aləti ney olub. Üzeyir bəy bir çox əsərlərində, dahi Fizuli öz qəzəllərində neyin adını çəkir. Amma Üzeyir bəyin də bu aləti tədris prosesinə salmağa gücü çatmadı. Tədris olunmadığına  görə ney tədricən sıradan çıxdı”.

 

Hər bir musiqi aləti cəmiyyətin bir növ düşüncə və intonasiya modelidir. Neylə bağlı tədqiqatlar aparan Seyran Qafarzadə, son 20 il ərzində bu musiqi aləti ətrafında mübahisələrin qızışdığını deyir. Onun sözlərinə görə, neyi bir növ tütək alətinin qamışdan hazırlanmış prototipi adlandırmaq olar: “Ən maraqlı xüsusiyyət odur ki, Anadoluda günümüzdə bu alət populyar olduğu halda, türk toplumuna aid olan Azərbaycanda yox olmuş sayılır. Bu hal bizləri gənc yaşında bu alətin araşdırmasına sövq edib. Biz də - ney aləti nədir? Necə bərpa oluna bilər? Bu alətin Azərbaycan xalqının təfəkküründə rolu nədir? Bu suallara cavab tapmağa çalışdıq”.

 

S. Qafarzadənin sözlərinə görə, ney aləti islami təfəkkürlər çərçivəsində qutlu bir xüsusiyyət daşımaqdadır. “Neylə orta əsrlərdə məclis musiqisində, təriqət məclislərində musiqiçilər, eləcə də musiqiçi olmayan, Allah yoluna könül vermiş insanlar üstün ilahi güclərlə təmas qururdular” deyir Seyran Qafarzadə: “Və bu qənaət orta əsrlərdə musiqi alətlərinə mühüm bir anlam əks etdirir. Bu mühüm anlam etibarı ilə də musiqi alətlərinin adlandırılmasında da bir dəyişmələr qeyd olunur. Musiqi alətlərinin adlandırılması da mütləq şəkildə bu anlamda dəyərləndirilməlidir. Ney – bir qutluluq, müqəddəslik simvoludur və fleyta tipli bir alətin tembir səciyyəsini xüsusiyyətləndirən bir addır. Ney sözünün kökü “nay”a uzanmış olur. Nay sözü də bütün türk aləmində nəfəsli alətləri səciyyələndirən ad hesab olunur. 

 

Qədim ney aləti bir neçə materialdan hazırlanır. Bu alətin hazırlanması üçün materialın keyfiyyətli olması şərtdir. Ney ustası Teymur Hüseynov zah edir ki, neyin materialı 4-ün 4-ə və ya 5-in 5-ə uzunluqda ölçülür: ”Sonra götürülmüş materialın içərisi bu formada deşilir və bu cür boru şəklinə salınır. Və bununla alətin hazırlanması başlanır. Bu Azərbaycan neyinin hazırlanması formasıdır. Azərbaycan neyi ona görə deyilir ki, burada alət köklənə bilər”. Ustanın bildirdiyinə görə, ney müxtəlif - qoz, ərik, gül ağacından hazırlanıb. Bir neçə ağacdan hazırlanan ney səs tembirləri ilə çox fərqli olub. Aşağı hissəsi ərik, yuxarı hissəsi görüş ağacından olan neyin səsi daha xoşagəlimli olur. Alətin hazırlanma qaydasını nümayiş etdirən usta bildirir ki, alətin hazırlanması bitdikdən  sonra ağac öz keyfiyyətini itirməsin deyə zeytun yağından istifadə olunur. Daha sonra alətin bağlığına plasmas boru əlavə edilir: “Bağlıq hissəsi o qədər incə olur ki, bu borudan istifadə olunur ki həm qırılmasın, həm də dişdə otursun. Alətin içinə də bir plasmas buğum salınır ki, nəfəsi az aparsın. Mi kökündə alət tam hazırdır”.

 

Son dövrlər bu alət bir çox tədbirlərin əsas musiqi alətinə çevrilib. Azərbaycanda neyin ən mahir ifaçılarından biri İlham Nəcəfov sayılır. Onun ifasında ney musiqisi dinləyən hər kəs bu səsin sehrinə düşür. İlham Nəcəfov deyir ki, Şərq dünyasında istisnasız olaraq bütün dini ayələr ney və ud musiqisinin fonunda səsləndirilir. Ney ilahi rabitə vasitəsi hesab olunur. Belə bir inam var ki, ney səsi şər qüvvələri uzaqlaşdırır: “Neyə müəlliflik hüququ irəli sürməyə heç bir xalqın ixtiyarı yoxdur. Alimlərdə sübut ediblər ki, ney yaranan zaman insanlar etnoslara bölünməmişdilər”.

 

Müxtəlif ölkələrdə istifadə olunan ney aləti bir-birindən fərqlənir. Əsas fərqlilik dəliklərin sayında və yerləşmə nöqtəsindədir. İlham Nəcəfov bildirir ki, İran neyində 5 dəlik qabaqda, biri isə arxadadır. Türk neyində isə 7 dəlik qabaqda, 1 dəlik arxada olur: “Ney bu formada ifa olunur. Cəlil Məmmədquluzadənin əsərlərində olduğu kimi bu neyə yan tütəyi deyilir. Azərbaycanda bunların hər ikisindən istifadə olunur. Bu isə fleytanın əcdadı sayılır. Mən də hər iki neydən istifadə edirəm, amma əsas üstünlük verdiyim köndələn neydir. Elə hazırladığım dərslikdə məhz köndələn neylə bağlıdır”.

 

Azərbaycan neyi digərlərindən həm ağac materialına, həm keyfiyyətinə görə fərqlənir. Bizim ney həm dişdə, həm də dodaqda ifa oluna bilir. Səs diapazonuna gəlincə neyin səsi – 3 oktava yarıma qədər yüksələ bilir. İlham Nəcəfov bildirir ki, ney ateizm illəri dövründə sıxışdırılaraq aradan çıxarıldı: “Neyi dinləyəndə istər-istəməz insanda göz yaşı olur, dini musiqi öz təsirini göstərir. Şərqdə dərviş məktəblərində oxuyan hər kəsə ney çalmaq öyrədilirdi. Sufi musiqisi ney də var. Bu baxımdan da zurna, balaban, tütək bizim toy şənliklərimizdə çörək qazanmaq yolu olduğu üçün ifa edilir, yəni yaşadılar. Ney isə - başdan ayağa ah-nalə, eyni zamanda dini musiqi olduğuna görə sıxışdırıldı və qaldı kənarda”.

 

Bizdən fərqli olaraq ney Türkiyədə, İranda, Ərəbistan yarımadası və Əfqanıstanda ifa olunub və olunur. Ney ah-nalə olsa da, onunla pop musiqisi də ifa etməyin mümkünlüyü də dünyaya çatdırılıb. İlham Nəcəfov muğamlarımızdan əlavə, neydə pop musiqilər ifa edərək bu musiqi alətinin müxtəlif və fərqliliyini sübut etməyə müvəffəq olub. 

 

...Neyin səsini eşidən hər kəs harada olmasından asılı olmayaraq mütləq şəkildə ayaq saxlayır. Bu səsdəki incəlik, həzinlik hər bir insanı özünə çəkir. Bu, bəlkə də insanın təbiətən ilahi qüvvələrlə təmasa can atması ilə bağlıdır... Neyin səsi həm də insan ruhunun səsidir, göylərə can atan insan ruhunun.  

DİGƏR XƏBƏRLƏR

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR